Belə davam edərsə, toqquşma qaçılmaz olacaq – Müharibə anonsu

ABŞ Nümayəndələr Palatası Ukrayna, İsrail və Tayvana hərbi yardım ayrılmasına razılıq verib. Rusiya bununla bağlı Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarovanın dili ilə cavab verib. Bəzi ekspertlər hesab edir ki, Tayvana yardım ayrılması Çini, İsrailə ayrılan yardım isə İranı qəzəbləndirəcək.

Maraqlıdır, bu, qlobal müharibənin başlaması üçün Vaşinqtonun provokasiyası ola bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, ABŞ Nümayəndələr Palatasında keçirilən səsvermə və müzakirələr geniş rezonansa səbəb olub:

“Rəsmi Vaşinqton bununla bir daha maliyyə gücü ilə beynəlxalq münaqişələri dəstəklədiyini nümayiş etdirib. ABŞ maraqları çərçivəsində bu və digər coğrafiyalara müdaxilə edir, ya da maraqları çərçivəsində dəstək ifadə edir. Bu dəstək siyasi, diplomatik, hərbi kontekstdə diqqət çəkir.

ABŞ Ukrayna, İsrail və Tayvanı dəstəkləyir. Ukraynaya dəstək Qərbin təhlükəsizliyi, İsrailə dəstək Yaxın Şərq maraqları, Tayvana dəstək isə Çinin iqtisadi hegemoniyasına qarşı mübarizə kontekstində diqqət çəkir. Yəni göründüyü kimi, yenə əsas olan ABŞ-ın maraqlarıdır.

ABŞ Nümayəndələr Palatasının Ukrayna, İsrail və Tayvana ayırdığı yardımların diqqətçəkən bir digər tərəfi isə bunun Rusiyanın doldurulan xarici valyutaları hesabına edilməsidir. Yəni ABŞ, Rusiya maliyyəsi hesabına bu ölkələrə yardım edir. Təsadüfi deyil ki, Kreml artıq məsələyə sərt reaksiya verib.

ABŞ-ın sərgilədiyi bu mövqe faktiki olaraq qlobal qütbləşməni daha da artırır. Vəziyyət belə davam edərsə gərginlik həddə çatacaq və toqquşma qaçılmaz olacaq”.

Turan Rzayev
Globalinfo.az