Belçika-Azərbaycan matçındakı himn qalmaqalı – Gerçək səbəb…

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan millisinin səfərdə Belçikaya qarşı keçirdiyi AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunun oyununda Dövlət Himnimiz səhv səsləndirilib. UEFA məsələ ilə bağlı üzr istəsə də, mövzu sosial şəbəkələrdə geniş müzakirə edilir.

Bəzi ekspertlər hesab edirlər ki, bu, bəsit bir texniki səhv yox, siyasi xarakterli mesajdır. Xüsusilə Azərbaycanın Brüssel və Vaşinqton görüşlərindən imtina etməsi, habelə Qərbin rəsmi Bakını ermənilərə qarşı etnik təmizləmədə ittiham etməsi fonunda bunun məqsədyönlü təşkil olunduğu iddia edilir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qədir Aslan deyib ki, Qərb hər zaman idmandan siyasət üçün istifadə edib:

“Yəni futbol maçlarında bu və bu kimi mesajların verilməsi adi hala çevrilib. Qərb bu tip simvolizmi çox sevir. Hətta bir çox idman görüşləri nəticəsində dövlətlərarası münasibətlər yaxşılaşıb.

İdmanın siyasiləşməsi təəssüf doğursa da, təəccüblü deyil. Azərbaycana qarşı edilən bu hörmətsizlik də texniki səhv yox, məqsədyönlü atılan addımdır.

Bu gün Azərbaycan dünya siyasi arenasında söz sahibi, hörmət edilən, diplomatik nüfuza sahib, ən əsası da qalib ölkədir. Bu, bir çox Qərb ölkəsini narahat edir. Xüsusilə Cənubi Qafqazda siyasi maraqları olan bir çox ölkələr mövcud vəziyyətdən narazıdırlar. Bu narazılıqlarını belə kiçik detallarla büruzə verirlər.

Qədir Aslan

Lakin bu cür mesajlar Azərbaycanı doğru yolundan döndərə bilməz. Rəsmi Bakı beynəlxalq hüququ əsas alır. Beynəlxalq idman yarışlarında da qaydalara riayət edir. Yəni bizə irad bildirə bilmədikləri kimi, sonda özləri səhv edib, üzr istəyir”.

Turan Rzayev
Globalinfo.az