Bayram günlərində yol qəzalarında 8 nəfər ölüb – DYP

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində ölkə ərazisində 20 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 24 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Globalinfo.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, dəfələrlə sosial şəbəkələrdə və mətbuatda sürücülərə, eləcə də piyadalara edilən xəbərdarlıqlara baxmayaraq həmin günlərdə kobud qayda pozuntularına rast gəlinib:

“Bu qayda pozuntuları da arzuolunmaz hadisələrə gətirib çıxarır. Sürücülər ən çox sürət həddinin aşılması, manevr etmə qaydasının pozulması, həmçinin nasaz avtomobillərin idarə edilməsi kimi qayda pozuntularına yol veriblər. Sürücülərdən xahiş və tələbimiz yol hərəkəti qaydalarına ciddi riayət etmələridir. Bizim əsas məqsədimiz onların mənzil başına rahat və təhlükəsiz çatmalarıdır”.