Baydenin “yeni xəritəsi” müzakirə yaratdı – Əslində, hədəf nədir?

ABŞ Prezidenti Co Bayden “Vaşinqton Post” qəzetində dərc edilən məqaləsində HƏMAS-la Rusiyanı eyniləşdirib. O, HƏMAS-ın İsraili, Rusiyanın isə Ukraynanı xəritədən silmək istədiyini yazıb. Baydenin bununla həm də dolayısı ilə HƏMAS-la Rusiya arasında işbirliyin, əlaqənin olduğuna işarə etdiyi bildirilir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov qeyd edib ki, ABŞ prezidentinin yanaşması ədalət meyarlarına söykənmir:

“Bu günə qədər ABŞ dünyanın fərqli coğrafiyalarında dağıntılara səbəb olub. Demokratiya, insan haqları adı altında həmin bölgələri qarışdıraraq, xalqların istismar edilməsinə, təbii sərvətlərin dağıdılması prosesinə başçılıq edib. ABŞ Prezidenti Co Baydenin HƏMAS və İsraili eyniləşdirməyə çalışması cəmiyyətdə qıcıq yaradacaq faktordur. Rusiya işğalçıdır. Bu gün Ukrayna torpaqlarında həyata keçirdiyi hadisələrin də günahkarı Qərbdir. Qərb NATO-nu Şərqə doğru genişləndirməklə Rusiyanın aqressiv işğalçılıq və istismar siyasətini gücləndirmiş oldu”.

Politoloqun fikrincə, HƏMAS və İsrail arasındakı qarşıdurmada xarici güc faktorları mühüm rol oynayır:

“ABŞ-ın silahlandırdığı, dəstək olduğu ölkələrin bir çoxu pərdəarxasında Qəzzaya silah-sursat daşıyır. Qəzzanın yeraltı tunellərinin ağır artilleriya və raketlərlə dolu olmasının səbəbi də üçüncü tərəfdir. Ümumiyyətlə, hər iki müharibənin uzanmasında xarici güc faktorları böyük rol oynayır. Co Baydenin öz məqaləsində Vaşinqtonu tənqid etmədən münaqişəni döyüşən tərəflər üzərindən dəyərləndirməsi ABŞ-ın əslində demokratiya və tənqiddən nə qədər uzaq olduğunu göstərir”.

Safura Bənnayeva
Globalinfo.az