“SABAH.city” innovasiya şəhərciyində keçirilən “Baku ID 2026” innovasiya festivalı çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib.
Globalinfo.az xəbər verir ki, “Dördüncü Sənaye İnqilabı dövründə bacarıqlar üzrə prioritetlərin müəyyənləşdirilməsində dövlət və özəl sektor əməkdaşlığının gücləndirilməsi” mövzusuna həsr olunmuş panel müzakirəsində “Azərbaycan Bacarıqlar Akseleratoru”nun həmsədrləri – iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev, SOCAR-ın prezidenti Rövşən Nəcəf və “PAŞA Maliyyə Holdinqi”nin baş icraçı direktoru Fərid Məmmədov iştirak ediblər.
Sessiya zamanı “Azərbaycan Bacarıqlar Akseleratoru” Proqramı çərçivəsində ölkə üzrə bacarıqlar ekosisteminin təhlilinin nəticələri təqdim olunub. Təqdimatda Azərbaycanın əmək bazarının dinamikası, mövcud bacarıq boşluqları, rəqəmsal və yaşıl keçid üçün tələb olunan kompetensiyalar, ömürboyu öyrənmə, işçi qüvvəsinin mobilliyi istiqamətində təhlillərin nəticələri əksini tapıb. Nəticələr dayanıqlılıq, dəyişikliklərin idarə edilməsi, strateji düşüncə və öyrənməyə açıqlıq kimi bacarıqlar üzrə güclü insan resursları bazasının formalaşdığını göstərib.
Dünya İqtisadi Forumunun Bacarıqlar Akseleratoru Təşəbbüsü (Skills Accelerator) üzrə Fəaliyyət Rəhbəri Alison İqlşamın moderatorluğu ilə keçirilən müzakirələrdə bacarıqlar üzrə prioritetlərin müəyyənləşdirilməsində dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, mövcud bacarıq boşluqlarının aradan qaldırılması istiqamətində mümkün yanaşmalar nəzərdən keçirilib. Süni intellekt və data, kibertəhlükəsizlik, tətbiqi rəqəmsal bacarıqlar, yaşıl bacarıqlar istiqamətlərində bilik və bacarıqların artırılmasının gələcəyə hazır və rəqabətqabiliyyətli işçi qüvvəsinin formalaşdırılmasına töhfə verəcəyi qeyd edilib.
Bununla yanaşı, Azərbaycanın öz bilik, təcrübə və innovasiyalarını yaratmasına və ixrac etməsinə imkan verən yerli potensialın formalaşdırılmasının, eləcə də bərpa olunan enerji, xidmət sektoru və ixracyönümlü sənaye sahələri kimi strateji istiqamətlərdə zəruri bacarıq və səriştələrin gücləndirilməsinin önəmi vurğulanıb.
Qeyd edək ki, Dünya İqtisadi Forumunun təşəbbüsü ilə 2019-cu ildən fəaliyyət göstərən Bacarıqlar Akseleratoru Şəbəkəsi (Skills Accelerator Network) hazırda 45-dən çox ölkəni əhatə edir və təşəbbüs çərçivəsində indiyədək 15 milyona yaxın insanın rəqəmsal bacarıqlarının inkişafı və yeni iqtisadi imkanlara çıxışı dəstəklənib. Azərbaycan Bacarıqlar Akseleratoru təşəbbüsü DİF-in Qlobal Akselerator Şəbəkəsi çərçivəsində rəsmi olaraq 2025-ci ilin noyabrından fəaliyyətə başlayıb. Bu təşəbbüs insan kapitalının inkişafı, mövcud və gələcək bacarıq ehtiyaclarının müəyyənləşdirilməsi, əmək bazarının tələbləri ilə işçi qüvvəsinin bacarıqları arasında uyğunluğun gücləndirilməsinə xidmət edir.






