Bakının əlində təsirli rıçaqlar var – Makron geri verdi, Şolts isə…

Avropa Parlamentinin bir neçə gün öncə Azərbaycana qarşı qəbul etdiyi sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə ətrafında müzakirələr davam edir. Bir çox sual aktual olaraq qalır. Bəzi ekspertlər Qərbin indiki məqamda sanksiyalar tətbiq etməsini real hesab etməsə də sanksiyalardan ehtiyat edənlər də var.

Maraqlıdır, Qərbin sanksiyaları böyüyə bilərmi? Qərbdən ölkəmizə yönələn bu ədalətsiz mövqenin miqyasının artmaması üçün rəsmi Bakının əlində nə kimi rıçaqlar var? Bu cür sanksiyalar tətbiq edib, sonra Bakının həbs etdiyi separatçıları tələb edə bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Vüqar Zifəroğlu deyib ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamə əslində bir çağırışdır:

Vüqar Zifəroğlu

“Hüquqi cəhətdən icrası mümkün deyil. Yəni mütləq şəkildə bütün ölkələr bunu icra etməlidir deyə bir şey yoxdur. Mən ümumiyyətlə hansısa sanksiyaların olacağını düşünmürəm.

Birincisi, Almaniya kansleri Olaf Şolts oktyabrın 4-də Prezident İlham Əliyevə zəng etdi. Telefon danışığı da göstərir ki, Şolts qətnamənin formal olduğunu deməyə çalışır.

İkincisi, Fransa Prezidenti Emmanuel Makron deyib ki, Azərbaycana qarşı sanksiyaların tətbiqi əks-effekt yarada bilər.

Bütün bunlara baxmayaraq qəbul edilən qətnamə həm də onu deməyə əsas verir ki, bəzi ölkələr Azərbaycanın yaratdığı yeni reallıqlardan narahatdır.

Prinsip etibarilə biz bundan öncə də bənzər qətnamələr ilə üzləşmişik. Misal üçün, oxşar qətnamələr 1991-ci ilin mayında, bir də 1993-cü ildə qəbul edildi. Bu qətnamələr elə bir vaxtı qəbul edilmişdi ki, Azərbaycanda Qərbi azərbaycanlı qaçqınlar və Qarabağdan gələn məcburi köçkünlər vardı. Bu mənada bu və bu kimi qətnamələrin heç bir hökmü, önəmi yoxdur”.

Turan Rzayev
Globalinfo.az