Bakını peşman etmək istəyirlər: Naxçıvan və Zəngəzur buna görə hədəfdədir

Son günlər İran-Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində ciddi addımlar atılır. Azərbaycan və İran Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələri İranın Qərbi Azərbaycan əyalətində keçirilən birgə antiterror təlimləri də buna misal ola bilər.

Bəzi ekspertlər bu təlimləri münasibətlərin normallaşması kimi qiymətləndirir. Ekspertlərin fikrincə, Tehran-Bakı yaxınlaşması regionda maraqlı olan qüvvələrin ürəyincə deyil. Bəzi iddialara görə, Naxçıvanda atəşkəsin pozulması da buna məhz bu yaxınlaşma ilə bağlıdır.

Bunu sabotaj adlandıran ekspertlər məsələnin pərdəarxasında Fransa və ABŞ-ın olduğunu iddia edir.

Bu iddianın əsası varmı?

Globalinfo.az-a danışan politoloq Rüstəm Tağızadə deyib ki, Azərbaycan və İran arasında son aylar ərzində siyasi cəhətdən münasibətlər daha yaxşı hala gəlmişdir:

“Ancaq Ermənistanı silahlandırma və Azərbaycana qarşı yönəltmə davam etdiyi üçün regionda hələ də təhdidlər mövcuddur. Fransa tərəfindən silahlandırılan Ermənistan artıq rəsmi səviyyədə də Azərbaycana qarşı bəyanat verdi. Ermənistan hökuməti öz ordusunu NATO standartları çərçivəsində yenidən qurmaq üçün erməni kursantlarını Fransa hərbi akademiyasına göndərir. Bundan başqa Fransanın Cənubi Qafqazda yumşaq gücünü İkinci Qarabağ müharibəsindən sonra müşahidə edirik.

Ermənistan öz ordusunu KTMT standartlarından ayırmaq və rus hərbi bazasını Gümrü şəhərindən çıxarmaq istəyir. Bu işdə ona əsas yardımçı olan Fransadır. Azərbaycanla sərhədə Fransadan müşahidəçilərin gətirilməsi də buna sübutdur. Azərbaycan regionda baş verən siyasi prosesləri diqqətlə izləyir və buna görə hərəkət edir”.

Politoloq deyib ki, Naxçıvanda son zamanlar atəşkəsin pozulması onu göstərir ki, Ermənistan rəhbərliyi hələ də Azərbaycanın təklif etdiyi şərtlərə əməl etmir:

“Naxçıvanda olan son toqquşma isə Ermənistan üzərində diktə edənlərin növbəti təxribatıdır. Düşünürəm ki, Azərbaycanın İranla mehriban qonşuluq siyasəti yeritməsi də bu işdə öz rolunu göstərir. Zəngəzur dəhlizinin yolu İrandan keçərsə, bu, Fransanın və ABŞ-ın maraqlarına uyğun olmayacaq. Ancaq Zəngəzur dəhlizinin açılması prosesi hələ ki, yubanır. Çünki, Rusiyanın, Qərbin və İranın maraqları bu nöqtədə toqquşur”.

R.Tağızadə Naxçıvanda atəşkəsin pozulmasını belə təsnif edib:

1) Fransa Ermənistan və Azərbaycan arasında delimitasiya-demarkasiya prosesinə mane olmaq istəyir. Bundan başqa, iki dövlət arasında sülh prosesinin olmasını istəməyərək yeni münaqişə ocağının yaranmasında maraqlıdır. Silahların verilməsi buna sübutdur.

2) Azərbaycan və İran arasında qonşuluq münasibətlərinə təhdidlər yaratmaq istəyi var. Azərbaycandan başlayan kommunikasiya xətlərinin İrandan keçməsi Qərbə sərf etmir.

Fransa Ermənistan daxilində möhkəmlənmək üçün daha iri addımlar atacaq. Görünən odur ki, Ermənistan uğrunda mübarizə daha kəskinləşib. Azərbaycan tərəfi isə Ermənistan daxilində olan revanşist qüvvələrə hər an cavab verməyə hazırdır. Əgər Ermənistan tərəfi sülh istəyirsə, Azərbaycanın diktə etdiyi şərtlərə əməl etməlidir”.

Turan Rzayev
Globalinfo.az