Bakıda sürət həddi niyə 60 km-dan 50 km-a salınıb? – Yol polisindən izah

Paytaxt Bakının bəzi küçə və prospektlərində sürət həddi azaldılıb. Sürücülər arasında aparılan sorğuya görə sürətin azaldılması, tıxacların yaranmasına səbəb olur və bu onları narahat edir.

Mövzunu Globalinfo.az-a şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, sürətin azaldılması, Bakıda sürət həddinin optimallaşdırılması layihəsi çərçivəsində həyata keçirilir.

Elməddin Muradlı: “Metrodakı hazırkı vəziyyət xəstəlik mənbəyidir”

Elməddin Muradlı

“Bununla əlaqədar olaraq bəzi küçələrdə aparılan araşdırmalar göstərir ki, həmin küçələrdə yol nəqliyyat hadisələri adətən sürət həddinin aşılması və yaxud qəzaların ağırlıq dərəcəsi ilə bağlıdır. Düşünürəm ki, sürətin optimallaşdırılması məhz bu aspektdən irəli gəlir. Bu, bütün küçələri əhatə etmir, bəzi küçələrdə nəzərə alınıb, addım atılır. Ümumiyyətlə sürət yaşayış məntəqələrində azaldılmalıdır və bu, birmənalı şəkildə bütün dünyanın çağırışıdır. Çağırış son illər daha intensiv şəkildə edilir”.

E.Muradlı deyib ki, bir çox ölkələr sürəti şəhəriçi saatda 30 km-a saldıqdan sonra nə qədər qəzaların azaldığını üzrə çıxarıblar və bu müsbət bir tendensiya kimi başqa ölkələrə də tövsiyə olunur:

“Azərbaycanda sürücülər sürətə daha çox meylli sayılırlar. Bizim sürücülər deyirlər, sürətli yollar olsun, axırda da gündəlik 3-4 nəfərin meyiti evə getsin. Bu, düzgün yanaşma deyil, kimlərsə “mən sürəti sevirəm” deyib, car çəkməməlidir. Belə bir misal çəkə bilərəm ki, “sürət, həyatda uğur, yolda təhlükədir’’. Bunu istənilən sürət həvəskarına, istənilən formada real test rejimində də sübut etməyə hazıram”.

Ekspert qeyd edib ki, Heydər Əliyev prospektində sürət həddinin endirilməsi ağır fəsadlara yol açır:

“Heydər Əliyev prospektində biz bunun əks təsirini görürük. Çünki bəzi sürücülər orada radarların yerini bilirlər, radarı keçən kimi yüksək sürətdə hərəkət edirlər. Və mən düşünürəm ki, qəzaların azaldılması üçün radarların yeri tez-tez dəyişdirilməlidir.

Globalinfo.az məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru, polis mayoru Araz Əsgərlinin də mövqeyini öyrənib.

Araz Əsgərli

O, sürət həddinin azaldılmasının birbaşa təhlükəsizliklə bağlı olduğunu bildirib:

“Hər bir yolun özünün ötürücülük qabiliyyəti var. Əgər yolda şəhər mühitində nəinki 50 km, hətta 30-40 km sürət varsa, bu, artıq Bakı kimi şəhərlərdə böyük bir göstəricidir. Fikir versəniz, qəzalar daha çox gecə və ya bayram günlərində olur. Tıxac zamanı ağır yol nəqliyyat hadisələri baş vermir. Sürücülər yolun boşluğundan istifadə edib sürət həddini artırırlar, bu isə ağır qəza ilə nəticələnir”.

Səmayə Rəhimzadə
Globalinfo.az