Bu gün saat 06:50-də paytaxtın Sabunçu rayonu, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az bildirir ki, bu barədə Oxu.Az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Mətbuat Xidmətinin baş inspektoru Rüstəm Əhmədli məlumat verib.
O bildirib ki, Abbas Abbasovun idarə etdiyi “Toyota” markalı 77-NM-964 dövlət nömrə nişanlı avtomobil dayanmış vəziyyətdə olan Bahadur Bəkirzadənin idarə etdiyi “AzSamand” markalı 90-SF-234 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşub.
Hadisə nəticəsində “AzSamand” markalı nəqliyyat vasitəsinin sürücüsü vəfat edib, hərəkətdə olan piyada Ağabala Bayramov isə xəsarət alıb.
X X X
Bakı şəhəri, Heydər Əliyev prospektində baş vermiş və ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Globalinfo.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi videodan görünür ki, avtomobillər yüksək sürətlə hərəkətdə olduğu vaxt “Toyota” markalı nəqliyyat vasitəsi yolun sağ kənarında dayanmış vəziyyətdə olan “AzSamand” markalı nəqliyyat vasitəsinə çırpılıb.
Bu zaman avtomobilin arxasında dayanan “AzSamand”ın sürücüsü iki nəqliyyat vasitəsinin arasında qalaraq ölüb.