Bakıda X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti öz işinə başlayıb.
Globalinfo.az xəbər verir ki, tədbir bir sıra tərəfdaş qurumların dəstəyi ilə təşkil olunub.
Sammit çərçivəsində maliyyə və bank sektorunda rəqəmsal transformasiya, süni intellektin tətbiqi, ödəniş sistemləri, kibertəhlükəsizlik, komplayens və alternativ bankçılıq kimi aktual mövzular müzakirə ediləcək.
Tədbir regionun qlobal maliyyə sisteminə inteqrasiyasını sürətləndirməyə xidmət edən mühüm platforma kimi nəzərdə tutulub. Sammitin proqramı 2026-cı il üzrə qlobal maliyyə və bankçılıq sahəsində gözlənilən əsas tendensiyalar nəzərə alınmaqla formalaşdırılıb. Burada regional əməkdaşlığın genişləndirilməsi, tənzimləmə mexanizmlərinin uyğunlaşdırılması, ödəniş sistemləri arasında əlaqələrin gücləndirilməsi və müxbir bankçılıq münasibətlərinin inkişafı əsas hədəflər sırasındadır.
Tədbirin əsas məqsədləri qlobal maliyyə və bankçılıq tendensiyalarının təhlili, regional maliyyə inteqrasiyasının təşviqi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, innovativ yanaşmaların və dayanıqlı inkişafın dəstəklənməsi, eləcə də yeni strateji tərəfdaşlıqların qurulmasıdır.
Tədbir regional ölkələrin maliyyə rəhbərlərini, qlobal sənaye ekspertlərini və innovativ həllər təqdim edən şirkətlər daxil olmaqla 1500 iştirakçını bir araya gətirir.
Qeyd edək ki, X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti iyunun 9-10-da davam edəcək.
Ləman İmran
Globalinfo.az