“Azərbaycanda cəmi bir ay ərzində ödəniş kartlarının sayı 414 min ədəd artaraq 23,4 milyona çatıb. Avqustda artım 189 min idisə, sentyabrda bu artım 2,2 dəfə sürətlənib. Yəni adambaşına 2,3 karta çatıb”.
Globalinfo.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
O qeyd edib ki, bu sürətli artımın səbəbi kartların sayına və kartdan-karta köçürmə əməliyyatlarına tətbiq edilən limitlərdir:
“Çünki insanların limitlərdən yayınmaq üçün əməliyyatlarını müxtəlif banklar və kartlar arasında bölüşdürməyə çalışması iqtisadi baxımdan məntiqlidir. Bu, mənim ən böyük ehtimalımdır, fakt deyil. Buna fakt deməyim üçün əlavə olaraq aktiv kartların sayı, köçürmələrin həcmi və limitə çatan istifadəçilər barədə statistika və sair lazımdır. Bundan sonra təhlil edib, daha dəqiq səbəbi deyə bilərik.
Əslində, insanların tətbiq edilən limitlərdən yayınmaq üçün müxtəlif bankların kartlarından istifadə etməsinə görə onları qınamaq da doğru olmaz. Bu, məhdudiyyətlərə uyğunlaşmaq istiqamətində təbii iqtisadi davranışdır, bir şərtlə ki, qanunvericilik pozulmasın”.
İqtisadçı qeyd edib ki, beynəlxalq təcrübəyə baxdıqda, Azərbaycanda adambaşına düşən təxminən 2,3 ödəniş kartının qeyri-adi göstərici deyil:
“Məsələn, Çində hər nəfərə orta hesabla 7 kart, avrozonada 2,5, Böyük Britaniyada isə 2,4 kart düşür. Yəni Azərbaycan bu baxımdan Avropanın inkişaf etmiş maliyyə bazarları ilə müqayisəolunan səviyyədədir. Sadəcə hazırda fokus tələbə edən məsələ kart sayındakı artımın qısa müddətdə 2,2 dəfə sürətlənməsi və bunun arxasında dayanan iqtisadi səbəbdir”.
Əliyar Xəlil
Globalinfo.az