t25 060120201954434746619

Macarıstanın keçmiş Baş naziri Viktor Orbanın rəhbərlik etdiyi hökumətin son illərdə ölkənin Silahlı Qüvvələrində xidmət edən hərbçilərin sayı barədə NATO-ya şişirdilmiş rəqəmlər təqdim etdiyi bildirilir.

Globalinfo.az xəbər verir ki, Macarıstan Müdafiə Nazirliyinin məlumatına görə, Peter Magyarın rəhbərlik etdiyi yeni hökumət hakimiyyətə gəldikdən sonra hərbi qulluqçuların sayı ilə bağlı göstəricilər yenidən hesablanıb.

Məlumata əsasən, Macarıstan Müdafiə Nazirliyi 2023-cü ildə NATO-ya ölkənin Silahlı Qüvvələrində 20,1 min hərbi qulluqçunun xidmət etdiyini bildirib. Bu rəqəm 2026-cı ilə qədər dəyişməz qalıb.

Lakin nazirliyin yeni rəhbərliyi araşdırma zamanı 2023-cü ildə orduda faktiki olaraq 17,6 min əsgər və zabitin xidmət etdiyini müəyyənləşdirib.

Bunun ardınca 2024 və 2025-ci illər üzrə göstəricilər də yenidən hesablanıb. Nazirliyin hazırkı məlumatlarına görə, 2026-cı ildə Macarıstan Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı 20,6 min nəfərdir.

Müdafiə Nazirliyi qeyd edib ki, 2023-cü ildə əvvəlki rəhbərliyin başlatdığı “gəncləşdirmə” siyasəti nəticəsində nazirliyin və Silahlı Qüvvələrin əməkdaşlarının sayı əhəmiyyətli dərəcədə azalıb. Həmin il hərbi hospitalın Daxili İşlər Nazirliyinin tabeliyinə verilməsi də şəxsi heyətin sayına təsir göstərib.

Qeyd edək ki, ordunun şəxsi heyətinin artırılması uzun müddət Viktor Orban hökumətinin əsas hədəflərindən biri olub.

2018-ci ildə Macarıstan parlamenti peşəkar və müqavilə əsasında xidmət edən hərbçilərin sayının yuxarı həddini 37 650 nəfər müəyyənləşdirib. Lakin bu göstəriciyə çatmaq mümkün olmayıb.

Əliyar Xəlil, 

Globalinfo.az

Paylaş: