Prezident İlham Əliyev oktyabrın 26-da tikinti layihələrinin həyata keçirilməsi sahəsində inzibati prosedurların təkmilləşdirilməsi və dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə Komissiyanın yaradılması haqqında Sərəncam imzalayıb.
Yeni komissiyanın yaradılması tikinti sektorunda hansı dəyişikliklərə yol açacaq?
Globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib ki, yeni komissiyanın yaradılması uzun müddətdir gözlənilən qərar idi:
“Bu sahədə çox ciddi problemlər var. Təbii ki, layihə dedikdə dərhal hamımızın gözünün qabağına mənzil tikintisi, çoxmərtəbəli binalar gəlir. Amma unutmayaq ki, dövlət də il ərzində tikinti-infrastruktur layihələrinin icrasına, işğaldan azad olunmuş ərazilərin bərpasına milyardlarla vəsait sərf edir və dövlət büdcəsindən bu istiqamətdə çox böyük vəsaitlər yönəldilir. Bu mənada təkcə layihələrə icazə verilməsinin deyil, həm də bütövlükdə layihələrin vaxtında və şəffaf qaydada icra olunmasının əhəmiyyəti böyükdür”.
R.Osmanlı bildirib ki, son günlərdə bəzi istiqamətlərdə neqativ hadisələr müşahidə olunur və görünür, bu məsələlər ölkə rəhbərini birbaşa müdaxiləyə məcbur edib:
“Çünki adətən bu cür çox ciddi, taleyüklü və vacib məqamlarda cənab Prezident məsələlərə müdaxilə edir. Bu komissiyanın yaradılması və təkliflərin altı ay müddətində hazırlanmasında əsas prioritetlərdən biri dövlət layihələrinin icrası ilə bağlı məsələlər olacaq. Layihələrin smetalarının hazırlanıb təsdiq olunması, şəffaflığın təmin edilməsi, eyni zamanda nəzarətin gücləndirilməsi və şəffaflığın artırılması, özəl sektorun fəaliyyətinə maneçilik törədən, tikinti sektorundakı sahibkarlar üçün əlavə inzibati problemlər yaradan prosedurların sadələşdirilməsi və bu problemlərin aradan qaldırılması əsas məsələlərdən olacaq”.
Ekspertin sözlərinə görə, nəticə etibarilə, bir çox məsələ komissiyanın hazırlayıb təqdim edəcəyi təkliflərdən asılı olacaq:
“Azərbaycanda bir sıra istiqamətlər üzrə, xüsusilə özəl sektorun fəaliyyəti ilə bağlı tikinti layihələrinin sənədləşdirilməsi və icrası üçün tələb olunan prosedurların sadələşdirilməsinə ehtiyac var. Bu, əlavə xərclərin yaranmasına gətirib çıxarır, tikinti şirkətlərinin xərclərini artırır və nəticə etibarilə yekun qiymətə təsir göstərir.
Ramil Osmanlı
Dövlət vəsaitlərinin daha səmərəli və şəffaf şəkildə bölüşdürülməsi, müəyyən layihələrin icrasında şəffaflığın təmin olunması da zəruri məsələlərdəndir. Düzdür, biz mənəvi baxımdan hesab edirik ki, işğaldan azad olunmuş ərazilərdə şəhid qanı var, o torpaqlar müqəddəs torpaqlardır və həmin ərazilərdə fəaliyyət göstərən məmurlar bu müqəddəs torpaqlara xəyanət etməməli, burada korrupsiya hallarına yol verilməməlidir. Amma baxırıq ki, müəyyən vaxtlarda neqativ hallar baş verir. Ona görə də hesab edirəm ki, komissiya altı ay müddətində çox vacib və səmərəli təkliflər hazırlayıb təqdim etməlidir. Zərurət yaranarsa, bu istiqamətdə yeni qurumun yaradılması ehtimalına da baxıla bilər”.
Zaira Akifqızı
Globalinfo.az