
İspaniya La Liqası “Real Madrid”in hücumçusu Kilian Mbappenin onu Çin Xalq Respublikasının keçmiş lideri Mao Zedunla müqayisə edən memlər barədə açıqlamalarından sonra Çin azarkeşlərindən üzr istəyib.
Globalinfo.az xəbər verir ki, liqa X sosial şəbəkəsində yaydığı açıqlamada futbolçunun fikirlərinin şəxsi xarakter daşıdığını və təşkilatın mövqeyini əks etdirmədiyini bildirib.
La Liqa bəyan edib ki, İspaniya futbolu müxtəlif mədəniyyətlərə hörmət, birgəyaşayış və birlik prinsiplərini təşviq edir. Təşkilat, həmçinin Çinə, onun qurumlarına və xalqına hörmətini ifadə edərək çinli azarkeşlərə dəstəklərinə görə təşəkkür edib.
Bildirilib ki, yaranmış vəziyyətin həlli üçün Çin tərəfdaşları və müvafiq qurumlarla əməkdaşlıq aparılır. La Liqa gələcəkdə oxşar halların qarşısını almaq və mədəni fərqliliklərə hörməti təşviq etmək məqsədilə klublar və futbolçular üçün maarifləndirmə protokolu tətbiq etməyi də planlaşdırır.
Qeyd edək ki, Mbappe daha əvvəl onu Çin lideri Mao Zedunla müqayisə edən memdən əyləndiyini və bu görüntüdən dostları ilə zarafatlaşarkən istifadə etdiyini söyləyib.
Hadisədən sonra “Dongpeng” içki şirkəti də daxil olmaqla bir sıra Çin şirkətlərinin futbolçu ilə tərəfdaşlıqlarını dayandırdığı bildirilir. Həmçinin Çində La Liqa yayımlarının dayandırıldığı və Mbappenin yer aldığı reklamların yayımdan çıxarıldığı qeyd olunur.
Tahir Turan
Globalinfo.az