Bakıda avtomobil qəzası olub: xəsarət alan var – VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Suraxanı rayonu, Əmircan qəsəbəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Globalinfo.az-a bildirilib ki, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1984-cü il təvəllüdlü Mehdixanov Vüsal Rəfail oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarında ağaca çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələri ilə avtomobildə sıxılı vəziyyətdə qalan V.Mehdixanovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.