Bakı gecikdi: Ukraynada 2019-cu ildə başlayan proses – FOTOLAR

Ukraynanın Lvov şəhəri

Martın 12-dən metronun “28 May” stansiyasının ətrafı – Bakı Dəmiryol Vağzalının qarşısında fərdi avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Bu vəziyyət əhali arasında birmənalı qarşılanmayıb.

Dünya təcrübəsində bu proses mövcuddurmu?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev deyib ki, dünya təcrübəsində bu kimi hallara rast gəlinir:

“Bakı bu prosesdə bir qədər gecikib. Dəmiryol Vağzalının yerləşdiyi ərazilər adətən nəqliyyat qovşağı olur. Nəqliyyatın rahat keçidi təmin olunmalı, xaotik vəziyyət aradan qaldırılmalıdır. Bu yöndə verilmiş ilkin qərar şəxsi avtomobillərin girişinin məhdudlaşdırılmasıdır. Mövcud infrastruktura da əl gəzdirmək lazımdır. Dayanacaqların yerləri dəyişdirilməli, piyadaların rahat, təhlükəsiz hərəkəti təmin olunmalıdır.

Ümumilikdə şəhərin ən bahalı resursu – torpağın istifadəsi yönündə atılmış doğru addımdır. Ətrafda yerləşən biznes subyektləri də piyadalaşmış zonanın müsbət təsirini görəcəklər. Yəni daha çox insanın biznes mərkəzlərində rahat alış-veriş edəcəyi müşahidə olunacaq. Bu günə qədər dəmiryol, metro, avtobus, piyadalar və bunların arasında narahat hərəkət görünürdü. Bu meydanın yenidən qurulması daha fərqli, sakit, rahat şəhər mühitinə, nəqliyyat qovşağına sahib olacağımızdan xəbər verir.

2019-cu ilin mart ayında Ukraynanın Lvov şəhərinin vağzal meydanı da əsaslı təmirə bağlanmışdı və 9 ayın yekununda çox gözəl meydana sahib oldular”.

Safura Bənnayeva
Globalinfo.az