Uzun danışıqlardan sonra Ermənistan tərəfi sülh müqaviləsinin noyabrda Bakıda keçiriləcək COP29 sammiti çərçivəsində imzalanmasının mümkün olduğunu açıqlayıb. Belə ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, hazırda sülh sazişinin imzalanması gecikir.
Sitat: “Biz sənədin Bakıda keçiriləcək sammit çərçivəsində imzalanmasının əleyhinə deyilik. Seçim Azərbaycanındır”.
Ortaya bir neçə sual çıxır: Noyabrda sülh sazişi imzalansa, hər iki ölkə vətəndaşları qarşılıqlı şəkildə səfərlər edə biləcəkmi? Bakıdan İrəvana, ordan da Azərbaycana ilk kimlər gedə bilər? Təhlükəsizlik üçün hansı ölkə qarant olar?
Globalinfo.az-a danışan deputat Bəhruz Məhərrəmov Azərbaycanla Ermənistan arasında sülh sazişinin razılaşdırılması istiqamətində ciddi yol qət edildiyini vurğulayıb.
O deyib ki, hər iki tərəfin rəsmilərinin verdiyi məlumata görə, ötən dövr ərzində sazişin demək olar ki, 80 faizə qədəri artıq razılaşdırılıb:
Bəhruz Məhərrəmov
“Lakin hələ də bir çox prinsipial məsələlər – məsələn, Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycana münasibətdə ərazi iddialarının yer alması sülh sazişinin perspektivini kölgə altına qoyur və istənilən halda bu, sazişin hüquqi qüvvə qazanması qarşısında ciddi əngəl kimi çıxış edir. Bu mənada noyabr ayına qədər müvafiq sazişin imzalanması o qədər də inandırıcı görünmür”.
Azərbaycanla Ermənistan arasında qarşılıqlı səfərlərə dair sorğuya gəlincə, deputat bildirib ki, hazırda ayrı-ayrı tədbirlər və yarışlar çərçivəsində hər iki ölkənin vətəndaşlarının tək-tək də olsa qarşılıqlı səfərləri müşahidə olunur:
“Normalda səfərlərin intensivləşməsi, yəni prosesin kütləvi hal alması sülh sazişinin imzalanmasından sonra mümkün olardı. Lakin bildiyiniz kimi, Ermənistan cəmiyyətində revanşist abu-havanın hökm sürməsi, bir çox dövlət və hökumət rəsmilərinin, kilsə nümayəndələrinin, o cümlədən ayrı-ayrı siyasi partiya və ictimai təşkilatların Azərbaycan əleyhinə açıq şəkildə kin və nifrət dilinə üstünlük verməsi fonunda qeyd edilən proses o qədər də sadə görünmür. Bu mənada sülh sazişinin imzalanmasından sonra erməni cəmiyyətinin bu sazişə adaptasiya olması, uydurma miflərdən, o cümlədən azərbaycanlılara və bütövlükdə Türk dünyasına qarşı nifrət təlqin edən ideologiyadan əl çəkərək sağlam təfəkkürlə düşünməyə başlaması çox zəruridir”.
Zaira Akifqızı
Globalinfo.az