“Son həftələrin hadisələri bir həqiqəti getdikcə daha aydın göstərir. İran rejimini nüvə obyektlərini bombalamaqla, liderləri öldürməklə yıxmaq olmaz. On ildir ki, bu üsul sınaqdan keçirilir, lakin nəticə sıfırdır. Rejimin əsl güc mərkəzi başqadır. Əsas hədəf İslam İnqilabı Keşikçiləri Korspusunun (SEPAH) iqtisadi can damarı olmalıdır”.
Bu sözləri Globalinfo.az-a politoloq Rüstəm Tağızadə deyib
Politoloq bildirib ki, İranın idarəetmə strukturu üç əsas hissədən ibarətdir:
“Birinci qat ali rəhbər və onun ətrafıdır. Strateji qərarlar, silahlar və kəşfiyyat bu qatın işidir. Son bir ayda bu qatın zirvəsi olan ali rəhbər, müdafiə naziri və bir neçə yüksək rütbəli komandir məhv edilib. Ancaq bu, rejimi dağıtmadı. Çünki əsl güc başqa yerdədir.
İkinci qat texnokratlardır. Prezident, iqtisadiyyat naziri, neft naziri – bunlar gündəlik işləri idarə edir, amma ABŞ və İsrail üçün problem olan siyasətlərdən birbaşa məsul deyillər. Onlara toxunulmayıb. Bu şəxslərin yerində hər zaman yenisi olacaq.
Üçüncü qat isə SEPAH-dır. Burası əsl güc mərkəzidir. Təkcə ordu deyil, həm də iqtisadi imperiya, daxili nəzarət mexanizmi, regional proksi şəbəkələrin idarəçisi bu birlikdir. SEPAH-ı sındırmasan, rejim dəyişməz.
İran təkcə farsların ölkəsi deyil. Əhalinin 51%-i farsdır, qalan 49%-i isə azərbaycanlılar, kürdlər, ərəblər, bəluclar, türkmənlər, bir sözlə, müxtəlif etnik qruplardır. SEPAH-ın ən vacib vəzifələrindən biri bu 49%-i “oynaq tutmamaq”dır. Yəni İran ordusunun böyük bir hissəsi əslində öz ölkəsini işğal altında saxlamaq üçün var.
SEPAH-ın təkcə silahı deyil, pulu da var. Onlar enerji layihələrini ələ keçiriblər, elektrik şəbəkəsinin yarısını idarə edirlər, qaçaqmalçılığın böyük hissəsi onların əlindən keçir. Hər il on milyardlarla dollar gəlirləri var. Bu pul axını olmasa, SEPAH da olmaz”.

Rüstəm Tağızadə
Politoloq deyib ki, SEPAH-ın zəif nöqtəsi yaş fərqidir:
“Korpus daxilində 20-40 yaş arası nəsil var ki, hələ də gücün dadını bilmir. Bütün böyük gəlirlər – qaçaqmalçılıq, enerji layihələri, inşaat – yaşlı nəslin əlindədir. Müharibə davam etdikcə, iqtisadi təzyiqlər artdıqca gənc nəsil “bəs biz nə vaxt?” sualını verməyə başlayacaq.
Əgər SEPAH-ın gəlir mənbələri vurulub məhv edilərsə, bu gənc nəsil yaşlılara qarşı çıxa bilər. SEPAH daxilində “vətəndaş müharibəsi” rejimin yıxılmasının ən real ssenarisidir. Bu, bir neçə il əvvəl Suriyada Bəşər Əsədin yaşadığı “dayan və gözlə” vəziyyətindən fərqlidir, bu, güc mərkəzinin öz içindən çökməsidir.
Nüvə obyektləri, raket bazaları, ümumiyyətlə bunların hamısı yan təsirdir. Əsl hədəf SEPAH-ın pul kisəsi olmalıdır. Təbii ki, korpus hər dəfə gəlir mənbəyi vurulanda cavab verəcək. Daha çox dron, daha çox raket, Körfəzdə daha çox dağıntı olacaq. Amma Körfəzin enerji infrastrukturu onsuz da bir neçə həftəyə iflic vəziyyətinə düşəcək.
Qısa müddətdə ABŞ-ın SEPAH-ın gəlir mənbələrini hədəf alması davam edəcək. Bu, müharibənin daha da qızışmasına şərait yaratsa da, orta müddətdə SEPAH daxilində gərginliyin artmasına yol açacaq.
SEPAH daxilində nəsil münaqişəsi artıq başlayıb. Gənc nəsil müharibənin ağırlığını çəkir, qazanc isə yaşlıların əlindədir. İqtisadi təzyiqlər davam etdikcə, bu gərginlik açıq qarşıdurmaya çevrilə bilər.
SEPAH-ın çöküşü rejimin çöküşüdür. Nüvə proqramı, raketlər, Hörmüz – bunların hamısı İnqilab Korpusunun alətləridir. Əsl hədəf alətlər deyil, onları idarə edən mərkəz olmalıdır. Bu mərkəzin ən həssas nöqtəsi isə onun iqtisadi can damarıdır”.
Turan Rzayev
Globalinfo.az