“Xankəndinin geri alınması məsələsi artıq həll olunub” – Politoloq yeni detallar açdı

Politoloq Əlimusa İbrahimov Globalinfo.az-a geniş müsahibə verib. Müsahibənin ikinci hissəsini təqdim edirik. Əvvəli burada.

– Zəngəzur dəhlizi Azərbaycanı həm iqtisadi-siyasi, həm də ərazi baxımdan böyüdəcək. Azərbaycanın ərazi bütövlüyü mövzusu ortaya gələndə ABŞ, Avropa, Rusiya, İran eyni mövqedən çıxış ediblər. Son 30 ilin acı gerçəkliyi budur. O zaman sual yaranır: niyə Qərb və Rusiya dəhlizin açılmasında maraqlı olsun? Bu dəhliz 100 il öncə deyilmiş “Azərbaycan yeni Turanın açarıdır” siyasi düsturunu az qalsın reallaşdırır. Qərb bölgədə ikinci böyük, qüdrətli türk-müsəlman dövlətinin yaranmasında maraqlı ola bilərmi?

– Hələ siz dediyiniz o ciddi təhlükə mövcud deyil və irəlidəki bir neçə onillikdə də mövcud olmayacaq. Azərbaycanın böyüyüb dünya nəhənglərinə təhlükə törətməsi üçün ən az 50 il lazımdır. Hətta bundan sonra da onun qarşısını almaq üçün başqa tədbirlər görəcəklər, Azərbaycanla qarşılıqlı əlaqədə olacaqlar. İndi ən böyük təhlükə İranın qarşısını almaqdır. O da Qərb üçün indiki şəraitdə Zəngəzur dəhlizindən keçir. Türkiyəni regiona yerləşdirmək və onun vasitəsilə nəticəyə nail olmaq istəyirlər. Rusiya ilə Qərbin bu məsələdə maraqları toqquşur. Zəngəzur dəhlizinin Rusiyanın nəzarətində olması onun əlinə əlavə nüvə silahı vermək kimi bir şeydir. Rusiya bu dəhliz vasitəsilə öz nüfuzunu, təzyiqini  diktə edəcək. Mən daha əvvəl belə bir hipoteza irəli sürmüşdüm ki, Rusiya bu dəhlizin açılması ilə öz sülhməramlı qüvvələrini Qarabağdan çıxaracaq. Çünki Qarabağda sülhməramlı qüvvələrin saxlanması Rusiyaya həm Azərbaycan, həm də Ermənistana qarşı təsir mexanizmi kimi lazımdır. Azərbaycanın iqtisadi qazancının qarşısını ala bilər, amma Ermənistan dəhliz vasitəsilə birbaşa Rusiyanın qucağına düşür. Ermənistan iqtisadiyyatı bütövlükdə əlinə keçəcək. Ona görə Rusiyanın Qarabağda qoşun saxlamasına heç ehtiyac yoxdur. Paşinyanın da dəhlizə qarşı çıxmasının əsl səbəbi budur. Paşinyan deyir ki, Ermənistanın istənilən yerindən sizə dəhliz açıram, bircə Zəngəzur dəhlizi olmasın.

– Azərbaycan dövlət başçısı səviyyəsində üç istiqamətdə ciddi ideoloji-siyasi xətt ortaya atıb: Zəngəzur dəhlizi, Qərbi Azərbaycan və Güney Azərbaycan məsələsi. Bu ilk baxışdan üzərimizə çox ağır yük götürməmizə bənzəyir. Burada strateji hədəf nədir?

– Güney Azərbaycan məsələsini gəlin siyahıdan çıxaraq, çünki Azərbaycanın hazırki hədəfi o deyil. Bu gün ikiyə bölünmüş Azərbaycanın birləşdirilməsinə çalışanlar və istəyənlər Azərbaycanın ən böyük düşmənləridir. Ona görə ki, bu zaman bizim əhalimiz onların içində əriyəcəyik və bu vaxta qədər qazandıqlarımızın hamısını itirəcəyik, molla rejiminə qurban verəcəyik. O rejimin nə vəziyyətdə olduğu bizə məlumdur.

– Mən ideologiyanı nəzərdə tutdum. Niyə dövlət üç ağır yüklü ideologiyanı ortaya atdı və üzərinə böyük təzyiq götürdü?

– Azərbaycan dövləti Güney Azərbaycan məsələsində İrana qarşı heç vaxt aktiv iş aparmayıb. Və verilən açıqlamalar da İranın etdiyi hərəkətlərin qarşısında edilib. İran sakit otursaydı, “Ermənistanın sərhədləri mənim qırmızı xəttimdir” deməsəydi, Ermənistana hətta qoşun yeritmək haqında iddia qaldırmasaydı və ya səfirliyimizdə terror törətməsəydi, Azərbaycan bu məsələni qaldırmazdı. Güney Azərbaycan və Qərbi Azərbaycanla bağlı açıqlamalar indi əlimizdə olanları saxlamaq və daha da inkişaf etdirmək üçündür, daha böyük hədəflər haqda danışmalısan ki, indi sahib olduqlarını kimsə səndən almaq istəməsin.

– Azərbaycan üçün Xankəndi, yoxsa Zəngəzur dəhlizi məsələsi daha aktualdır? Və hansını daha tez əldə etmək mümkündür?

– Hər ikisi aktualdır. Amma birinci mərhələdə Xankəndini azad etməliyik. İkinci mərhələdə Zəngəzur dəhlizi gəlir. Xankəndinin geri alınması məsələsi artıq həll olunub. Ermənilər istəyir ki, Azərbaycanın tərkibində olsa belə, Qarabağda yaşayan erməni əhalinin təhlükəsizliyinin təmin olunması və hüquqlarının müdafiə olunması məsələsi müqavilədə qeyd olunsun. Azərbaycan Prezidenti isə deyib ki, o bizim daxili işimizdir, Ermənistan bu məsələdə şərt qoya bilməz. Düşünürəm ki, iki ölkə danışıqlar prosesində ortaq məxrəcə gələcəklər, bu və ya digər formada bu məsələnin adı çəkiləcək.

– Vaxtaşırı Azərbaycanda referendum keçirilməsi, konstitusiya dəyişikliyi, parlament seçkilərinə gedilməsi, Qarabağ ermənilərinin də parlamentdə təmsil olunması haqda xəbərlə yayılır. Sizcə, bu, indi dövlət üçün aktualdırmı?

– Azərbaycanın Ermənistanla bağlı xarici siyasəti onun daxili siyasətindən 20 metr irəlidədir. Biz xaricdə vəziyyəti düzəldirik, sonra daxilə keçirik. Bu gün bu addımları atmağa hazırıq, amma dövlət əvvəlcə Xankəndi məsələsini tam həll etmək istəyir. Çünki qeyd etdiyiniz məsələlərlə bağlı beynəlxalq aləmdə böyük rezonans yarana, xaricdəki qüvvələrin bizə qarşı çıxmasına, bəzi dövlətlərin Qarabağı tanımasına səbəb ola bilər. Bunun olmaması üçün lazımdır ki, Qarabağ birdəfəlik və tam mənası ilə bizim özümüzdə olsun və onu heç kim bizdən ayırmağa cəhd etməsin.

– Sayif Əl-Adil “Əl-Qaidə” terror təşkilatının faktiki lideri olaraq tanındı. Onun terror təşkilatını İrandan idarə etdiyi deyilir. Bu haqda ilk xəbəri ABŞ mediası yaydı. Bu məlumat ABŞ-ın İranla bağlı təzyiqlərini yenidən artıracaqmı?

– ABŞ Dövlət Departamentinin spikeri Ned Prays bildirdi ki, İranın “Əl-Qaidə”nin yeni lideri Əl-Adilini saxlaması haqqında məlumat var və buna görə İrana qarşı sanksiyalar, təzyiqlər olub. ABŞ bunu nəzarətdə saxlayır və Avropa İttifaqındakı müttəfiqləri ilə birlikdə iş aparır. İstənilən an İrana müdaxilə etməyə hazırdır. Hesab edirəm ki, artıq burda ABŞ bu istiqamətdə tək özü yox, İsrail xüsusi xidmət orqanları ilə birlikdə çalışır və yaxın günlərdə Əl-Adilinin aradan götürüldüyünü eşidə bilərik. Onlarda “Əl-Qaidə”nin bundan öncəki rəhbəri Əl-Zəvahirinin öldürülməsindən daha çox, Əl-Adilinin təşkilata rəhbərlik etməsi haqqında məlumat var. ABŞ bu adamın başına 10 milyon dollar pul qoyub, terror qrupu siyahısındadır. ABŞ-ın səfirliklərinin partladılması, 230 nəfər dinc sakinin öldürülməsi və s. terror aktlarında onun əli var.

– İran ABŞ-a qarşı “Əl-Qaidə” ilə birlikdə hərəkət edə bilərmi?

– İran ABŞ-a qarşı nəinki “Əl-Qaidə” ilə, hətta şeytanla belə müqavilə bağlamağa hazırdır. “Əl-Qaidə”nin İŞID-la bağlantısı olduğunu nəzərə alsaq, bu, İranın özünün İŞID-la birbaşa bağlı olduğunu sübut edir. İŞID-ın, xüsusilə şiə müsəlmanlarına qarşı nə qədər qəddar olduğu məlumdur. Deməli, İran şiələrin başının kəsilməsində İŞID-la bir yerdə hərəkət edirdi. Bütün bunlar ona gətirib çıxarır ki, İran dindən öz siyasi ambisiyalarını həyata keçirmək üçün bir vasitə kimi istifadə edir. İranın həqiqi din dövləti olması insanlarda şübhə yaradır.

Azər Ayxan, Gülnar Səlimova
Globalinfo.az