Azərbaycanda “Son zəng” qeyd olunur

1744296810 9a225a98 a94b 3b2d 9eea 318af5fce416 850

İyunun 14-də Azərbaycanın bütün ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilir. Minlərlə məzun üçün bu zəng yalnız məktəb illərinin başa çatdığını deyil, həm də yeni həyat mərhələsinin başlandığını xəbər verir. Sevincli, həyəcanlı, bəzən kədərli, bəzən ümid dolu olan bu gün hər bir şagirdin yaddaşında ömürlük iz buraxır.

Globalinfo.az xəbər verir ki, bu il respublika üzrə 113 min nəfərə yaxın şagird XI sinfi bitirir. Onlardan 54 min nəfərə yaxını qız, 58 min nəfərdən çoxu oğlandır. 157 min 802 nəfər isə IX sinfi bitirir. Bundan başqa, 132 min 261 şagird birinci sinfi uğurla başa vuraraq ibtidai təhsilin ilk pilləsini tamamlayır. Ölkənin ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında isə cari ildə 85 minə yaxın uşaq təhsil alıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində IX sinifləri 46 min 406, XI sinifləri 33 min 517, XII sinifləri (əyani-qiyabi tam orta məktəb və qiyabi siniflər) isə 138 nəfər şagird başa vurur.

Eyni zamanda, paytaxtda 38 min 206 nəfər I sinfi bitirir. Cari tədris ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə ümumilikdə 513 min 923 şagird təhsil alıb və onların təlim-tərbiyəsi ilə 30 min 169 müəllim məşğul olub.

2024-2025-ci tədris ilində paytaxtın 287 ümumi təhsil məktəbində fəaliyyət göstərən 1048 məktəbəhazırlıq qrupuna 22 min 781 uşaq cəlb olunub. Ümumilikdə, hazırda BŞTİ-nin tabeliyində 344 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.