Azərbaycanda insanlar ən çox bu xəstəlikdən ölür – Tanınmış həkimdən şok statistika

“Dünyada, o cümlədən də ölkəmizdə birinci yerdə ürək qan damar və beyin damarlarının xəstəliyi dayanır”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında həkim-onkoloq, tibb üzrə fəlsəfə doktoru Nəsimi Qasımov deyib. N.Qasımov Azərbaycanda xərçəng xəstəliyindən dünyasını dəyişənlərin statistikası ilə bağlı olduqca maraqlı, diqqətçəkən məlumat verib.

O bildirib ki, ürək-qan damar sistemi və beyin damarlarının xəstəliyi 45 faiz daha çoxdur:

“Vaxtilə ürək-qan damar və beyin damarlarının xəstəliyindən ölənlərin sayı 47-48 faiz təşkil edirdi. Amma bu gün 45 faizə enib. İkinci yerdə travmatizm dayanır ki, təqribən 17 faiz civarındadır, üçüncü yerdə isə bədxassəli şişlərdir. Baxmayaraq ki, xəstəlik o qədər yüksək deyil, amma ölüm kifayət qədər çoxdur. Faizlə götürsək, 13-14 faizdir”.

Tanınmış həkim deyib ki,  2020-ci ildə dünyada xərçəng xəstəliyinə yoluxma sayı 19 milyondan çox olsa da, bu il 20 milyon civarındadır:

“Dünyada xərçəng xəstəliyindən ölənlərin sayı bir il ərzində 10 milyondur. Amma koronavirusdan ölənlərin sayı 2-3 il ərzində heç 6 milyonu keçməyib. Təsəvvür edin ki, onkologiyadan bir ildə ölənlərin sayı, 3 ildə COVİD-dən ölənlərin sayından qat-qat yüksəkdir. Ölkəmizdə isə xərçəng xəstəliyindən ölənlərin sayı 3 cü yerdə dayanır.

2020-2021-ci ildə Azərbaycan üzrə xəstəlik sayı 13644 nəfərdir. Bu, elə də böyük rəqəm deyil. Amma ölüm sayı 7795 nəfər təşkil edir. Bu isə o deməkdir ki, xəstələnənlərin 55 faizi dünyasını dəyişir. Burada söhbət həkim tərəfindən xəstəliyi aşkar olunanlardan gedir”.

Nəsimin Qasımov xəstəliyə yoluxan və ölənlərin sayını da açıqlayıb:

Birinci yerdə süd vəzi xərçəngidir – 2638 nəfər. İkinci yerdə bağırsaq xərçəngləri – 1439 nəfər. Üçüncü yerdə ağ ciyər xəstəliyi gəlir – 1379 nəfər. Dördüncü yerdə mədə xərçəngi – 1371 nəfər. Beşinci yerdə qadın xəstəlikləri – 1205 nəfər. Altıncı yerdə leykoz xəstəliyi – 792 nəfər və yeddinci yerdə dünyada artmağa meyilli olan xərçənglərdən biri də prostat xərçəngidir ki, o da 423 nəfərdir.

Ölüm sayına gəldikdə isə, xəstəlik sayına görə süd vəzi xərçəngi birinci yerdə olsa da, ölümə görə ağ ciyər xərçəngindən 1379 nəfərin 1108-i ölüb.

İkinci yerdə mədə xərçəngidir ki, burada da fərq azdır 1371 xəstə olduğu halda, 1077 nəfər dünyasını dəyişib.

Bağırsaq xərçəngi 1439 xəstədən 815 nəfəri rəhmətə gedib.

Qadın xəstəliklərinin sayı 1205 nəfər, ölənlər isə 618 nəfərdir.

Prostat vəz xərçəngi 423 xəstədən 232 nəfər dünyasını dəyişib.

Yaşa görə xərçəng xəstəliyinə rast gəlməsinə gəldikdə isə, biz hər zaman düşünərdik ki, xəstəlik 40-50 yaşdan sonra başlayır. Lakin son illərdə 35-39 yaş arasında 507 nəfər xərçəng xəstəliyinə yoluxub. Ən çox xəstəlik isə 60-64 yaş aralığındadır – 2260 nəfər. 75 yaşdan sonra xəstələnənlərin sayı 961 nəfərdir. Bu isə gənclərdən iki dəfə çoxdur”.

Həkim deyib ki, xəstəlik nə qədər tez aşkar olunsa, müalicə nə qədər tax başlasa, insanlar o qədər uzun müddət yaşaya bilər.

Zaira Akifqızı

Globalinfo.az