Azərbaycanda futbolçular qəzaya düşdü: yaralılar var – YENİLƏNİB

TƏBİB “Mingəçevir” futbol klubunu daşıyan avtobusun yük maşını ilə toqquşması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.

Globalinfo.az-ın xəbərinə görə, qurumdan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə 2 nəfər (kişi) müxtəlif dərəcəli bədən xəsarətləri ilə yerləşdirilib.

Onlara bud sümüyünün sınığı, döş qəfəsinin qapalı travması diaqnozları qoyulub və zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir.

***16:26

Fövqəladə Hallar Nazirliyi (FHN) “Mingəçevir” futbol klubunu daşıyan avtobusun qəzaya uğraması barədə məlumat yayıb.

FHN-dən Globalinfo.az-a verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şamaxı rayonunun Muğanlı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı sərnişin avtobusu və “Mack” markalı yük avtomobili toqquşub, 1 nəfər sərnişin müxətlif xəsarətlərlə avtobusda sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində sərnişin nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

***15:46

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi “Mingəçevir” futbol klubunu daşıyan avtobusun qəzaya uğraması barədə məlumat yayıb.

İdarədən Globalinfo.az-a verilən məlumata görə, bu gün saat 13:00 radələrində Muğanlı-İsmayıllı yolunun 10-cu kilometrliyində, Basqal qəsəbəsi ərazisində hərəkətdə olan “Mercedes” markalı BA 004 KU qeydiyyat nişanlı avtobusun sürücüsü Anar Qafarov sərt döngədə idarəetməni itirərək qarşıdan gələn 77-EF-972 dövlət qeydiyyat nişanlı “MACK” markalı yük avtomobili ilə toqquşub. Nəticədə yük avtomobilinin sürücüsü 1949-cu il təvəllüdlü Məmmədov Əflatun Abdulla oğlu və avtobusun sərnişini “Mingəçevir” Futbol Klubunun əməkdaşı 1968-ci il təvəllüdlü Qarayev Zaur Ələş oğlu xəsarət alaraq tibb müəssisələrinə yerləşdirilib.

Qəzanın baş verdiyi əraziyə YPX əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

***14:38

“Mingəçevir” futbol klubunu daşıyan avtobusun yük maşını ilə toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, xəsarət alanlar avtobusun və yük maşınının sürücülərdir. 1949-cu il təvəllüdlü Məmmədov Əflatun Abdulla oğlu və 1968-ci il təvəllüdlü Qarayev Zaur Ələş oğlu xəstəxanaya yerləşdirilib.

***14:01

“Mingəçevir” futbol klubunu daşıyan avtobus yük maşını ilə toqquşub.

Globalinfo.az xəbər verir ki, hadisə günorta saatlarında, İsmayıllı-Şamaxı avtomobil yolunun Muğanlı ərazisindəki dolayda qeydə alınıb.

Sərnişin avtobusu ilə “KamAZ” markalı yük avtomobilinin toqquşması nəticəsində xeyli sayda xəsarət alanın olduğu bildirilir.

***13:48

Bu gün “Mingəçevir” futbol komandası I Divizionun 20-ci turu çərçivəsində “Şamaxı” ilə səfər oyununa gedərkən yolda avtomobil qəzasına uğrayıb.

Globalinfo.az bildirir ki, PFL-dən apasport.az-a verilən məlumata görə, futbolçular və rəhbərlik heyəti arasında xəsarət alanlar olsa da, həyatını itirən yoxdur.

Bu fors-major hal nəzərə alınaraq, bu günə nəzərdə tutulan “Şamaxı-2” – “Mingəçevir” görüşü təxirə salınıb. Oyunun nə vaxt keçirilməsi ilə bağlı əlavə məlumat veriləcək.
“Mingəçevir” futbol klubunu daşıyan avtobus İsmayıllıda qəzaya uğrayıb - YENİLƏNİB