Türkiyə və Azərbaycanın birgə Hava Komandanlıq və İdarəetmə Sistemi (HAKİM) yaratması, hava məkanını birləşdirməsi siyasi arenada böyük maraqla qarşılandı. Bu layihə iki ölkənin Hərbi Hava Qüvvələrinin ortaq həyata keçirdiyi ən böyük və vacib layihələrdən biri kimi dəyərləndirilir.
“İki dövlət, bir millət, bir hava məkanı” şüarı adı ilə həyata keçirilən layihə ilə hər iki ölkənin Hərbi Hava Qüvvələri Azərbaycanın hava məkanına nəzarət etməklə yanaşı, birgə əməliyyatlar həyata keçirmək imkanı əldə edəcəyi deyilir.
Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəisi Haluk Görgün “HAKİM” sisteminin detallarından da söz açıb. Bu sistem Türkiyədə milli vasitələrlə inkişaf etdirilən ilk hava komandanlığı və idarəetmə sistemidir. Bu yolla Türkiyə öz hava komandanlığı və idarəetmə sistemini inkişaf etdirmiş azsaylı ölkələr sırasında olacaq. Bu sistemlə bütün planlaşdırma və cari vəziyyətə uyğun əməliyyatlar üçün Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığı daxilində strateji, operativ və taktiki səviyyələrdə bütün komanda və idarəetmə mərkəzləri arasında əlaqə təmin ediləcək. Beləliklə ölkə öz hava məkanına tam nəzarət imkanı qazanacaq. “HAKİM” Hava Komandanlıq və İdarəetmə Sistemi NATO standartlarına uyğundur.
Bəs mövcud proseslər çərçivəsində bu addım necə dəyərləndirilməlidir? Sistem iki nölkəyə başqa hansı avantajlar yaradacaq? Beynəlxalq aləmdə məsələyə münasibət necə olacaq?
Mövzunu Globalinfo.az-a şərh edən siyasi analitik, professor Hüsaməddin İnac bildirib ki, Türkiyə son illər hava məkanına nəzarət üçün ciddi addımlar atıb:
“Rusiya-Ukrayna müharibəsi bizə görünmədən görmənin, vurulmadan vurmanın nə qədər vacib strategiya olduğunu göstərdi. Bu mənada hava məkanında üstünlük məsələsi xüsusilə vacibdir. Havadan gələn təhdidləri öncədən hesablamaq və ona uyğun silah inteqrasiyasını təmin edə bilmək müharibə strategiyasında çox vacib ünsürlərdir. Son 20 ildə Türkiyə müdafiə sənayesinə çox böyük investisiyalar yatırıb. Nəticə olaraq müdafiə sənayesində milliləşmə indiyə kimi 20% təşkil edirdisə, hazırda bu rəqəm 80%-dir. Türkiyə artıq milli və yerli bir müdafiə sənayesinə sahibdir.
Türkiyənin ən zəif nöqtəsi 800 min kilometrə yaxın sərhədləri daxilində hava məkanının müdafiəsiz qalmasıdır. Bu qədər geniş bir sahənin qorunmaması çox böyük risklər yaradır. Xüsusilə Yunanıstanla, həmçinin Ege adaları və Şərqi Aralıq dənizi üzərindən yarana biləcək bir toqquşmanın qarşısının alınması üçün hava məkanına tam nəzarət böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Türkiyə ABŞ-dan “Patriot” zenit-raket kompleksini istədi, amma Vaşinqtonun cavabı müsbət olmadı. Nəticədə Çinlə danışıqlar həyata keçirildi, lakin Türkiyənin hava hücumundan müdafiə sistemini bu ölkədən almasına da maneə yaradıldı. Məlumdur ki, daha sonra Rusiyadan S-400 raketlərini almağa məcbur olduq. Buna görə də ABŞ-ın düşmənləri üçün nəzərdə tutulan sanksiyaların Türkiyəyə də tətbiq edilməsi gündəmə gətirildi”.
Hüsaməddin İnac
Professor bildirib ki, iki ölkə arasında əlaqələrin möhkəmlənməsi və müdafiə sənayesinin gücləndirilməsi Zəngəzur dəhlizinin açılmasına da şərait yaradacaq:
“44 gün davam edən İkinci Qarabağ müharibəsindən sonra hər şey ciddi şəkildə dəyişdi. Bundan sonra Azərbaycan və Türkiyə artıq bütün sahələrdə əməkdaşlıq etməyə başladılar. 2 il öncə Şuşada da bir strateji əməkdaşlığa dair sənəd imzalandı. Bu, dünyanın ən hərtərəfli ittifaq razılaşmalarından biri idi.
Bu çərçivədə iki qardaş ölkə olaraq ordularımız da birləşmiş vəziyyətdədir. Silah texnologiyamızdan tutmuş müdafiə sənayemiz, müharibə strategiyalarımıza kimi ortaq siyasət yürüdürük. Bu da bölgədəki güclər, xüsusilə İran üçün təhdid kimi qəbul edilir. Amma əməkdaşlığın güclənməsi həm Ön Asiyada, həm də Cənubi Qafqazda balansın böyük ölçüdə Türkiyə və Azərbaycanın lehinə dəyişməsi üçün şərait yaradır.
Silahların ən vacib xüsusiyyəti yayındırma, çəkindirmədir. Elə bunun nəticəsi olaraq Nikol Paşinyan bu gün Azərbaycanın Qarabağ daxil olmaqla ərazi bütövlüyünü tanıdığını bildirib. İnanıram ki, yaxın zamanda Zəngəzur dəhlizi də açılacaq. Həm Azərbaycan, həm də Türkiyə üçün əsas problem hava məkanına nəzarətdir. Bu mənada yerli və milli sferada belə bir addımın atılması hər iki ölkənin hava məkanının təhlükəsizliyini təmin edəcək. Eyni zamanda aradakı dostluğu və qardaşlığı daha da möhkəmləndirəcək”.
Analitik bu sistemin iki ölkənin ticarət istiqaməti üçün də yeni bir səhifə yaratdığını deyib:
“Bu gün Azərbaycan və Türkiyənin hər sahədə əməkdaşlığı gücləndirməsi bizə düşmən olan güclərə daha ciddi təsir edir. Ona görə də bu mövzuda əlaqələr çox vacib idi. Sözügedən “HAKİM” Hava Komandanlıq İdarəetmə Sisteminin həm NATO, həm də Şərq ölkələrinin standartlarına uyğun olması, eyni zamanda onlarla qarşılıqlı şəkildə fəaliyyət göstərə bilməsi bu məhsula tələbi də artıracaq. Hər iki ölkə üçün sistemin ixracatı qazanclı olacaq. Beləliklə Türkiyə və Azərbaycan silah bazarına daxil olmuş vəziyyətdədirlər. Məsələn, bu gün ABŞ-ı dünya nəhəngi edən əsas amillərdən biri neft və silah ticarətidir. Təbii olaraq, Azərbaycan və Türkiyənin silah bazarına girməsi müəyyən təhdidlərin yaranmasına da yol açmış olur. Çünki biz artıq istehlakçı deyil, bazarda rəqibik. Bütün bunlar ümumilikdə də çox vacibdir. İnanıram ki, 21-ci yüzillik tam mənada bir türk əsri olacaq. Türkiyə və Azərbaycan da bu əsrin lideri olaraq fəaliyyətləri uğurla davam etdirəcəklər”.
Ayşən Mustafa
Globalinfo.az