Son zamanlar Azərbaycan-Qərb münasibətlərində dərin böhran yaşanır. AŞPA-nın məlum qərarı, Azərbaycana qarşı ədalətsiz mövqeyi qurumla rəsmi Bakının münasibətlərini gərginləşdirib.
Qərbdən gələn təzyiqlər, qəbul edilən bəyanat, qətnamələr diqqət çəkir. Halbuki Qərb üçün hazırda Rusiya və İranla mübarizə aparmaq onları sıxışdırmaq daha prioritet olmalıdır.
Maraqlıdır, Azərbaycan Qərb üçün Rusiyadan, İrandan, hətta Çindən daha təhlükəli rəqibdir? Azərbaycana qarşı təzyiqlər nə vaxta qədər davam edəcək?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Azərbaycan Qərb üçün Rusiya, İran və Çindən təhlükəli deyil:
“Təəssüf ki, Qərbdə belə bir düşüncə var ki, rəsmi Bakı Qərbin rəqibləri olan bu ölkələrlə əməkdaşlıq edir. Hesab edirəm, ilk və ən önəmli səbəb budur.
İkincisi, təbii ki, Qərbin Cənubi Qafqazda müəyyən planları vardı. Vardı deyirəm, çünki bu planların bir çoxu pozulub.
Oqtay Qasımov
Azərbaycan İkinci Qarabağ müharibəsi ilə öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu isə Qərbin region ilə bağlı planlarını pozan əsas məqamdır. Belə ki, Qərb 30 il müddətində ATƏT-in Minsk Qrupu vasitəsilə münaqişənin dondurulması və yekun həllin əldə edilməməsinə çalışıb. Azərbaycanı da faktiki durumu qəbul etməyə məcbur etməyə çalışıb. Lakin bu baş tutmadı.
Biz təbii ki, xristian təəssübkeşliyini də qeyd etməliyik. Bu isə özünü daha çox son zamanlar erməni dini abidələrin qorunması, erməni irsinin məhvi kimi bəyanatların səsləndirməsində özünü büruzə verir. Bu baxımdan Azərbaycanın hədəf göstərilməsi təsadüfi deyil”.
Politoloq deyib ki, Azərbaycan regionun ən mühüm ölkəsidir:
“Bakının geosiyasi mövqeyi, Mərkəzi Aksiyaya yaxınlığı, habelə, Avropa ilə körpü rolu oynaması Azərbaycanın əhəmiyyətini artırır. Qərb bunu yaxşı bilir. Qərbin gələcək planında Çin, Rusiya, İrana müqavimət göstərmək üçün Mərkəzi Asiyanı əldə saxlamaq lazımdır. Azərbaycan isə Qərbin siyasi oyunların bir parçası olmaq istəmədiyindən belə gərginlik yaşanır.
Proses bir müddət davam edəcək. Əsassız iddialar, bəyanatlar hələ çox olacaq. Rəsmi Bakı buna görə psixoloji təbliğat savaşını aparmaqda davam etməli, müqaviməti gücləndirməlidir. Region ölkələri Rusiya, İran və Türkiyə ilə münasibətləri inkişaf etdirilməlidir. Xarici siyasət, diplomatik fəaliyyətdə aktivlik artırılmaldır”.
Turan Rzayev
Globalinfo.az