Bakı küçələrini “işğal” edən AYNA-dan narazılıq artır – Rəsmi açıqlama yayıldı, ekspert tənqid etdi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Xətai rayonu, Afiyyəddin Cəlilov 21A küçəsində araküçələrdə, arxa məhlələrdə dayanma-durma və ödənişli parklanma nişanı quraşdırması narazılıqlara səbəb olub. Maraqlıdır, insanlar avtomobilini harada saxlamalıdır?

Əgər yaxınlıqda parklama yerləri yoxdursa, məhəlləarası küçəni xətləmək, ora dayanmağı qadağan edən nişan qoymaq nə dərəcə doğrudur?

Globalinfo.az məsələ ilə bağlı AYNA-ya sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq bildirilib ki, Nazirlər Kabineti tərəfindən parklanma yerinin idarə edilməsi ilə bağlı qəbul edilən yeni qaydalar həm tariflərin özünü, həm şəhərin tarif zonalarını, eyni zamanda yığılan vəsaitin xərclənmə istiqamətini müəyyən edir:

“Parklanma yerlərinin yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir. Parklanmaya olan tələbatdan asılı olaraq Bakı şəhərinin müəyyən hissələri 4 ödənişli zonaya bölünüb. Bakı şəhərinin mərkəzində parklanmanın 1 saatı 1 manat, digər zonalarda müvafiq olaraq 1 saatı 70, 40, 30 qəpik məbləğində müəyyən edilib. “Yol hərəkəti haqqında” Qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Saat 22:00-dan saat 07:00-dək və həftənin bazar günləri parklanma ödənişsizdir.

Şəhərin hansısa hissəsində parkinqə olan tələbat azdırsa, bu ərazidə qiymət tənzimlənməsi tətbiq edilmir. Yaşayış yeri parklanma zonasına yaxın olan sakinlərdən ödəniş tələb olunmur. Bunun üçün xüsusi parklanma talonları mövcuddur. Qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı digər hallarda isə imtiyazlar nəzərdə tutulmayıb”.

Qurumdan verilən məlumata görə, yeni qaydaların tətbiqi ilə bu sahədə şəffaflaşma müşahidə edilir:

“Belə ki, parklanma üçün qanunsuz pul yığımının qarşısının alınması məqsədilə ödənişlər iki aydır ki, mobil tətbiq üzərindən yalnız nağdsız qaydada həyata keçirilir. Küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz. Sürücülərə qanunsuz ödənişlər etməməyi tövsiyə edirik.

Bu günə olan statistikaya əsasən, 160 minə yaxın insan mobil tətbiqi yükləyərək qeydiyyatdan keçib, 15 min nəfər isə balansın artırılması əməliyyatını həyata keçirib. Müşahidələr göstərir ki, parklanmanın idarə olunmasından sonra əvvəllər avtomobil saxlamaq üçün çətinliklə yer tapılan küçələrdə artıq xeyli sayda boş yer müşahidə edilir. Parklanmanın düzgün idarəedilməsi yollarda xaosun qarşısını alır və küçələrin daha effektiv olmasına şərait yaradır. Eyni zamanda nəqliyyat axınının tənzimlənməsinə, şəhərin nəqliyyat infrastrukturuna, piyadaların və sürücülərin təhlükəsizliyinə imkan yaradır”.

Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu ərazilər məhəllədaxili yol olsa da, onlar ümumi istifadədə olan yol sayılır:

“Bu baxımdan da aidiyyəti qurum əraziləri təhlil edir, daxili olan müraciətlər var ki, onlara baxılır. Hər bir halda istəməzdim ki, kiminsə evinin, işinin qarşısı zərurət olmadığı hallarda belə nişanlarla bəzədilsin. Əraziyə yenidən baxış keçirilsə çox yaxşı olar. Əgər orada nişanlara ehtiyac yoxdursa, onların o ərazilərə quraşdırılmasının da heç bir mənası yoxdur.

Təəssüflər olsun ki, respublikanın bir çox yerlərində ən çox rast gəldiyimiz nişanlar dayanma-durmanı qadağan edən nişanlardır. Ümumi olaraq, şəhər mərkəzi deyilsə, şəhərdən və mərkəzdən kənardırsa, insanların avtomobillərinin hərəkətini bu dərəcədə məhdudlaşdırmaq olmaz”.

Elməddin Muradlı

E.Muradlının sözlərinə görə, bütün addımlar ona görə atılır ki, ətraf mühitin qorunması üçün insanlar daha çox içtimai nəqliyyata üz tutsun, şəxsi avtomobillərdən istifadə etməsinlər, maşınları harada gəldi saxlamasınlar:

“Amma ehtiyac olmayan yerlərdə bu nişanların qoyulması artıq gec-tez insanlarda bir ciddi narazılıq yaradacaq. Buna getmək lazım deyil, əraziləri dəqiq analiz etmək lazımdır. Yenə də deyirəm, ola bilsin vətəndaşlar tərəfindən şikayətlər gəlir ki, “burada maşın saxlayırlar”, “biz məhləmizə girib çıxa bilmirik”. Fərqli aspektdən yanaşmağımız daha doğru olar. Lakin ümumən, sürücü və piyadalar üçün ehtiyac olan o qədər nişanlar var ki, bu nişanları biz yollarda nadir hallarda görürük. Təssüf ki, hara getdiriksə lazımsız nişanlar cüt-cüt quraşdırılır. Xüsusən şəhər mərkəzindən kənar ərazilərdə də bu nişanlar quraşdırılarsa, problem yaranır. İstəməzdim ki, AYNA bir növ Bakı Nəqliyyat Agentliyinin (BNA) cəmiyyətdə qıcıq yaratdığı hərəkətləri təkrarlasın”.

Zaira Akifqızı
Globalinfo.az