“İdmançılarımızın həyatına təhlükə var” – AÇIQLAMA

“Azərbaycan hökuməti vaxtında qərar verdi. İrəvanda bayrağımızın yandırılmasına etiraz konkret addımla cavablandırılmalı idi. Belə məsələlərdə yalnız quru bəyanatlarla kifayətlənmək olmazdı. Düzdür, bir oyunun gedişatında bayraqların təhqir olunması, yandırılması olayı az deyil. Amma sırf açılışda – özü də Avropa çempionatı kimi mötəbər bir turnirin açılışında bir dövlətin rəmzinə qarşı barbarlıq faktını xatırlamıram”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Əməkdar jurnalist, Qol.az saytının baş redaktoru Aydın Bağırov deyib.

 

Aydın Bağırov

O bildirib ki, idmançılarımızın həyatına risklər olmayacağı haqda heç kim təminat verə bilməzdi:

“Bu hadisə yarışın təşkilatçısı olan Avropa Ağır Atletika Federasiyasının imicini də zədələyir. Milli komandanın siyasi təxribat səbəbindən çempionatı tərk etməsi sıradan hadisə sayıla bilməz və ciddi rezonans doğuracaq olaydır. Əlbəttə, qaydalara əsasən, bayrağın yandırılmasına görə ev sahibi ölkəyə (indiki halda Ermənistana) cəza verilməlidir və yəqin ki, veriləcək. Amma bu, yalnız 10-15 min avroluq maddi cəza ilə kifayətlənməməlidir. Bu fakt sübut edir ki, Azərbaycandan fərqli olaraq, Ermənistan təhlükəsizlik baxımından böyük idman yarışlarını qəbul etməyə hazır deyil və gələcəkdə bu kimi qərarlar veriləndə Azərbaycan bayrağının açılışda yandırılması faktı unudulmamalıdır”.

Zaira Akifqızı
Gloalinfo.az