Avropa banklarından Rusiya maliyyə sistemini çökdürəcək şok addım – SWIFT ödənişləri kütləvi dayandırıldı

Rusiyaya qarşı daha sərt sanksiyalar fonunda Avropa bankları Rusiya banklarından SWIFT köçürmələrini qəbul etməyi kütləvi şəkildə dayandırıb.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, bu barədə “İzvestiya” kredit təşkilatlarına istinadən yazıb.

Belə ki, S-BANK Ukraynada müharibə başlayandan bu cür əməliyyatların qarşısını almağa başlayıb, LHV Bank isə Rusiyadan sonuncu ödənişi bu il avqustun sonunda edib.

Nəşr qeyd edib ki, indi Rusiya vətəndaşları Avropa banklarına SWIFT köçürmələrini göndərə bilməməkdən kütləvi şəkildə şikayət etməyə başlayıblar.

Vəsaitlər bank tərəfindən yenidən hesaba qaytarılır. Üstəlik, bu, iki gündən 26 günə qədər çəkə bilər. Həmçinin müştəridən komissiya tutulur. Məlumata görə, bəzən pullar sadəcə olaraq “yoxa çıxır”.

***

Globalinfo.az xatırladır ki, Rusiya banklarının SWIFT sistemindən ayrılması prosesi bu ilin fevral-mart aylarından başlayıb. Rusiyanın Ukraynaya hərbi hucumundan sonra ABŞ və Avropa bu ölkəyə qarşı sərt iqtisadi sanksiyalar tətbiq etməyə başlamışdı. Sanksiyalar Rusiyanın bank-maliyyə sistemini də hədəf almışdı. Müharibənin başladığı ilk vaxtda Rusiyanın 9 bankı SWIFT beynəlxalq pul köçürmələri sistemindən ayrılmışdı. Ölkənin bu sistemdə qeydiyyatdan keçən 300-dək bankı var. O vaxt deyiliridi ki, digər banklar da sistemdən kənarlaşdırılacaq.

Artıq Rusiya banklarına qarşı bu qadağalar kütləvi hal almağa başlayıb. Xaricə köçən, biznesini başqa ölkələrə daşıyan Rusiya oliqarxları, vətəndaşları, orta ranqlı sahibkarlar Avropa banklarının son addımından ciddi zərərlər görəcəklər. Bu, Rusiya maliyyə sisteminin tam iflic olması deməkdir.