“Telegram”ın qurucusu Pavel Durov messencerdəki profil şəklini özü haqqında hazırlanmış memlə əvəz edib.
Globalinfo.az xəbər verir ki, Rusiyanın “Ostorojno, Novosti” Telegram kanalı bu məqama diqqət çəkib.
“Söhbət Durovun üzünün İŞİD terror qruplaşmasının silahlı üzvünün fotosuna montaj edildiyi memdən gedir. Həmin şəkil ilk dəfə 2017-ci ildə onun “VKontakte” sosial şəbəkəsində profil fotosu kimi istifadə olunmuşdu. Lakin 2017-ci ilin aprelində Sankt-Peterburq metrosunda baş verən terror aktından sonra Durov bu şəkli hesabından silmişdi.
Məlumata görə, Durov bu addımı ona qarşı terror fəaliyyətinə yardım ittihamlarının irəli sürülməsi və beynəlxalq axtarış elan edilməsi fonunda atıb. Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) iddia edir ki, buna səbəb “Telegram”da fəaliyyət göstərən “Dayvinçik/Leo” tanışlıq botundan Ukrayna xüsusi xidmət orqanlarının gənc rusiyalıların cəlb olunması üçün istifadə etməsi olub”, – deyə qeyd olunub.
Xatırladaq ki, 29 iyulda Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Pavel Durovun terror fəaliyyətinə yardım işi üzrə beynəlxalq axtarışa verilməsi prosedurunun başladığını açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az