Arif Hacılının oğlu sərxoş halda qəza törədib qaçdı – VİDEO / YENİLƏNİB

Müsavat başqanı Arif Hacılı hadisə ilə bağlı açıqlama verib.

Globalinfo.az xəbər verir ki, o, APA-ya belə bir hadisənin baş verdiyini deyib:

“Şükürlər olsun ki, qəza nəticəsində xəsarət alan, ziyan çəkən olmayıb. Yəqin ki, araşdırılacaq və müvafiq qərar qəbul olunacaq”.

A.Hacılı oğlunun sərxoş olması, qəzadan sonra yayınması barədə verilən məlumatların əsassız olduğunu açıqlayıb:

“Oğlum qəzadan sonra iki dəfə polis idarəsində olub, təxminən bir həftədir ki, sənədləri də ordadır”.

***17:34

Bakının Yasamal rayonunda sərxoş olduğu deyilən sürücü qəza törədib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrə görüntülər yayılıb.

Bildirilib ki, hadisə Hüseyn Cavid prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Honda” markalı avtomobil yüksək sürətlə təhlükəli manevrlər edərək, hərəkətdə olan avtomobilə, daha sonra isə yol kənarında dayanmış 3 avtomobilə çırpılıb.

Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı və avtomobillərə ciddi ziyan dəydiyi bildirilir.

İddia olunur ki, qəzanı törədən sərxoş sürücü avtomobildən düşərək hadisə yerindən qaçıb.

Sosial şəbəkələrdə hadisəni törədən şəxsin Müsavat partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı olduğu bildirilir. Məlumata görə, Orxan Hacılı qəza törətdikdən sonra qaçmış və əvəzinə başqa şəxsi hadisə yerinə göndərərək, sürücü kimi göstərməyə cəhd edib.