Argentina da Azərbaycan səfirliyinə hücuma biganə qalmadı

Argentina Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən hücumu pisləyir, diplomatik nümayəndəliyin mühafizə rəisinin həlak olması ilə bağlı Azərbaycan xalqına və hökumətinə başsağlığı verir.

Globalinfo.az xəbər verir ki, bu barədə Argentina Xarici İşlər, Beynəlxalq Ticarət və Etiqad Nazirliyinin məlumatında bildirilib.

“Argentina Respublikası həlak olan şəxsin ailəsinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını diləyir”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir.