Zəngəzur dəhlizinə kim nəzarət edəcək? – Danielyan

“Arazdəyən-Horadiz dəmiryolunun işə salınacağı deyilir, amma əsas məsələ həmin yolun Zəngəzurdan keçən hissəsinə kimin nəzarət edəcəyidir”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

O bildirib ki, Ermənistan rəsmilərinin yollara nəzarətlə bağlı açıqlamaları ictimaiyyəti çaşdırmaq üçündür:

“Əslində, bunun üçün Rusiya və Qərb arasında mübarizə gedir. Rəsmi İrəvan da nəzarəti bu iki gücdən hansına verməyin daha doğru olacağını düşünür. Çünki bu yolla bağlı İranın da “qırmızı xətləri” var. Əgər vəziyyətin necə olduğunu anlamaq istəyirsinizsə, Ermənistan hakimiyyətinin açıqlamalarına qətiyyən qulaq asmamalı, Azərbaycan və Türkiyənin bəyanatlarını dinləməlisiniz”.

Danielyan gələn həftə Vaşinqtonda iki ölkənin XİN başçıları arasında keçiriləcək görüşə diqqət çəkib:

“Hər hansı görüş təxirə salınırsa, deməli, prosesdə müəyyən tənzimləmələrlə bağlı problem var. Əgər yenidən planlanırsa, deməli, həmin problem həll edilib. Əsasən Ermənistan irəli sürülən şərtləri qəbul etmədikdə görüşlər baş tutmur. Amma indi zaman təyin edilibsə, deməli, İrəvan hakimiyyəti hansısa şərtləri qəbul edib. Çox güman, bu şərtlər yollarla bağlıdır”.

Ayşən Mustafa
Globalinfo.az