Bu gün Ağdam-Füzuli yolunda aşmış mikroavtobus buraxılış kartı əldə etmədən qeyri-qanuni sərnişindaşıma ilə məşğul olub.
Globalinfo.az bildirir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
“Avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm və müntəzəm sərnişin daşımaları “Avtomobil nəqliyyatı haqqında” qanun, Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları” ilə tənzimlənir. Avtomobil nəqliyyatı ilə sifarişli daşımaları zamanı sürücüdə daşınmanın sifarişçisi və daşıyıcının təsdiq etdiyi formulyar olmalıdır. Formulyar elektron qaydada “AYNA” informasiya sisteminin elektron formulyar altsistemi üzərindən yaradılır.
Qeyri-müntəzəm sərnişin daşımalarının formulyar doldurulmadan həyata keçirilməsi məsuliyyətə səbəb olur. Müvafiq icazə aldıqdan sonra sərnişindaşıma ilə məşğul olan sürücü reysqabağı tibbi, nəqliyyat vasitəsi isə texniki müayinədən keçməlidir. Sərnişinləri yalnız rəsmi qaydada fəaliyyət göstərən daşıyıcıların xidmətlərindən istifadə etməyə çağırırıq”, – məlumatda qeyd olunub.
***11:06
Bu gün səhər saat 08:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsinin baş verməsi barədə çağırış daxil olub.
Globalinfo.az-ın xəbərinə görə, TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.
Qeyd olunub ki, təcili tibbi yardım briqadaları tərəfindən xəsarət alan şəxslər Ağdam və Bərdə rayon mərkəzi xəstəxanalarına təxliyə olunublar.
Məlumata görə, müxtəlif növ bədən xəsarətləri alan şəxslərdən 21-i Ağdam Rayon Mərkəzi Xəstəxanasına, 3-ü isə Bərdə Rayon Mərkəzi Xəstəxanasının (RMX) müvafiq şöbələrinə yerləşdiriliblər.
Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır.
“Report”un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, Bərdə RMX-da müalicəsi davam edən şəxslər Gülüstan Həsənova, Zabil Əliyev və Gövhər Mehdiyevadır.
***09:03
Ağdam–Füzuli yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Globalinfo.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilib.
Belə ki, iyulun 9-da saat 08 radələrində Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində “Ford” markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

