Xırdalanda zibil niyə təmizlənməyib? – İcradan açıqlama

“Son 20 il ərzində Abşeron rayonunun əhalisi ölkədaxili miqrasiya və təbii artım sayəsində dəfələrlə artıb. Rayon ərazisində kommunal xidmətlərin göstərilməsi, o cümlədən məişət tullantılarının daşınması məqsədilə yalnız Xırdalan şəhərində fəaliyyət göstərilməsi nəzərdə tutulan aidiyyəti təşkilat – Abadlıq və Kommunal Xidmətlər İdarəsi mövcuddur. Rayonun digər yaşayış məntəqələrində məişət tullantılarının daşınması yerli bələdiyyələr tərəfindən həyata keçirilir”.

Bu barədə Globalinfo.az-a Abşeron rayon İcra Hakimiyyətindən Xırdalanda zibillərin günlərlə təmizlənməməsi haqda sorğuya cavab olaraq bildirilib:

“Bələdiyyələrin maddi-texniki vəziyyəti qənaətbəxş olmadığından bəzi hallarda yerlərdə məişət tullantılarının daşınmasında ara-sıra problemlər yaranır. Bütün bunları nəzərə alaraq 2022-ci ildən bu günə qədər rayon İcra Hakimiyyəti tərəfindən daxili imkanlar hesabına 6 ədəd xüsusi təyinatlı avtomobil, 1000 ədəddən artıq konteyner alınaraq istifadəyə verilib. Bu proses davamlı olaraq həyata keçirilir. Misal üçün – Masazır qəsəbəsinə bu yaxınlarda əlavə olaraq RİH tərəfindən 1 ədəd xüsusi təyinatlı avtomobil və 100 konteyner alınaraq ərazidə istifadəyə buraxıldı. Mövcud problemlərin kökündən həll edilməsi məqsədilə xüsusi təyinatlı avtomobillərin və konteynerlərin alınması, məişət tullantıları üçün poliqonun yaradılması üzərində də hal-hazırda tərəfimizdən iş aparılır”.

İH yayılan görüntülərin bayram günlərinə aid olduğunu qeyd edib:

“Göstərilən kadrlara gəldikdə isə bildiririk ki, bayram günlərində məişət tullantılarının həcmi 2 dəfədən artıq artıb, Abadlıq və Kommunal Xidmətlər İdarəsinin istifadəsində olan məhdud sayda və texniki vəziyyəti qənaətbəxş olmayan nəqliyyat vasitələri gücləndirilmiş rejimdə işləyib. Mövcud səbəbdən bu gün səhər saatlarında bir neçə nəqliyyat vasitəsi nasaz vəziyyətə düşüb və təmirə göndərilib. Buna baxmayaraq tərəfimizdən icarəyə xüsusi nəqliyyat vasitələri cəlb edilib və indiki vəziyyət artıq aradan qaldırılıb”.

Zaira Akifqızı
Globalinfo.az