ABŞ-İran müharibəsində arzuolunmaz ssenari – Baydeni narahat edən əsas məqam

ABŞ-İsrail münasibətləri ən gərgin dövrünü yaşayır. Hətta İsrail açıq şəkildə Donald Trampın hakimiyyətə gəlməsi üçün hərəkətə keçdiyini elan edib. İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir “Vol Strit Jurnal”a müsahibəsində bildirib ki, Tramp yenidən prezident seçilsə, HƏMAS-ı məhv etmək üçün Təl-Əvivə daha çox azadlıq verəcək.

Maraqlıdır, Vaşinqton nə üçün İsrailin HƏMAS-ı bitirməsinə, Qəzzada nəzarəti ələ almasına qarşı çıxır? Bu, ABŞ-da yaşayan beynəlxalq yəhudi lobbisi ilə razılışdırılıb, yoxsa Bayden sözügedən böyük güclə savaşmaq yolunu seçib?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli qeyd edib ki, Ağ Ev İsrailin Yaxın Şərq məsələsində gözləntilərini qarşılamaqda çətinlik çəkir:

“Hazırda Ağ Evlə İsrail arasında müşahidə olunan ziddiyyət və narazılıqlar, əslində, daha çox Bayden administrasiyası ilə bağlıdır. Yəni iki ölkə arasındakı narazılıqlar birbaşa ABŞ-İsrail münasibətilərində problem olduğunu ifadə etmir. Bayden hökuməti hazırda həm Ukrayna savaşına, həm də Yaxın Şərq böhranına prezident seçkilərindən qaynaqlanan siyasi maraqlarla yanaşır. Ağ Evə yaxın dairələr hesab edirlər ki, Yaxın Şərq münaqişəsi daha geniş areala yayıla bilər. Bayden administrasiyası bu halda qlobal savaş təhlükəsinin qaçılmaz ola biləcəyindən narahatdır. Hadisələrin belə inkişafı Bayden hökumətinin prezident seçkilərində məğlub olması ilə nəticələnə bilər. Ona görə də Ağ Ev İsrailin hərbi əməliyyatlarını mümkün qədər məhdudlaşdırmağa cəhd göstərir”.

Politoloqun sözlərinə görə, Ağ Evin əsas narahatlıqlarından biri də ABŞ və İran arasında müharibənin başvermə ehtimalı ilə bağlıdır:

“Bayden administrasiyası prezident seçkiləri ərəfəsində ABŞ-ın belə böyük müharibəyə girməsini istəmir. Çünki belə bir müharibə həm ABŞ-ı çətin vəziyyətə salaraq, strateji-geopolitik maraqlarını riskə ata, həm də Baydenin seçici səslərini itirməsi ilə nəticələnə bilər. İranla müharibə baş verəcəyi təqdirdə isə ABŞ-ın qısa müddət ərzində hərbi qələbə qazanması lazım gələcək. Yalnız bu halda ABŞ seçiciləri Bayden administrasiyasına belə bir müharibənin zərbələrini bağışlaya bilər. Halbuki Ağ Ev İran üzərində qısa müddətdə qalib gələ biləcəyinə qətiyyən əmin deyil. Üstəlik, ABŞ-ın müttəfiqi olan Qərb ölkələri də İranla müharibənin əleyhinədir. Çünki onlar hesab edirlər ki, kollektiv Qərb Ukrayna savaşına paralel olaraq, İran müharibəsinin maliyyə-iqtisadi yükünü qarşılamaq imkanında deyil.

 

Bütün bunları nəzərə aldıqda Bayden administrasiyasının hərbi-siyasi labirintə düşdüyünü demək olar. İndi o əsasən iki konkret seçim qarşısında qalıb. Birincisi müstəqil Fələstin dövlətinin yaradılması və tanınması ilə bağlıdır. Bu varianta həm İsrail, həm də yəhudi lobbisi qarşı çıxır. İkinci variant isə İsrailə HƏMAS-ı məğlub etmək üçün daha çox dəstəyin verilməsidir. Sözügedən variant Yaxın Şərq böhranının nəzarətdən çıxma təhlükəsini artırır. Yəni hər iki variant Bayden administrasiyasının seçki maraqlarını risk altına salır”.

E.Xalidbəylinin fikrincə, hazırda həm zaman, həm də geopolitik proseslər prezidentliyə iddiaçı Donald Trampın siyasi maraqlarına uyğundur:

“Donald Tramp isə Bayden hökumətini Üçüncü Dünya savaşı törətmək cəhdində ittiham edir. Onun fikrincə, belə bir dəhşətli müharibə yaxın 2-3 ay ərzində reallığa çevrilə bilər. Ona görə də Bayden administrasiyasının dəyişdirilməsi üçün seçki gününə qədər gözləməyi dünya üçün böyük təhlükə hesab edir. Donald Tramp düşünür ki, dünyanı böyük fəlakətlərdən qorumaq üçün Bayden hökuməti ən qısa zamanda hakimiyyətdən kənarlaşdırılaraq, Ağ Evdən qovulmalıdır”.

Safura Bənnayeva
Globalinfo.az