ABŞ-a girişi məhdudlaşdırılan Azərbaycan məmurları kimlərdir? – AÇIQLAMA

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığında bir neçə şərt irəli sürüb. Onlardan biri də budur ki, bəzi Azərbaycan məmurlarına ABŞ-a giriş qadağası aradan götürülsün.

Maraqlıdır, ölkə başçının qeyd etdiyi həmin məmurlar kimdir? Bu, ABŞ-ın Azərbaycana sanksiyasıdır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, ABŞ-a girişi qadağan edilən azərbaycanlı məmurların kim olması haqda informasiyası yoxdur:

“Lakin ABŞ-da bənzər motivli bir qanun var. Rusiyanın Ukrayna ərazilərini işğal etməsi səbəbilə qəbul edilən qanuna görə bir çox rus məmurun, habelə iş adamının ABŞ-a səfər etməsi qadağan edilib. Hətta bu şəxslərin bank hesabı da dondurulub. Görünür, Azərbaycan ilə bağlı da bənzər bir qərar verilib, ya da verilməyə hazırlaşılırmış.

Elxan Şahinoğlu

Məsələ ondadır ki, Prezident İlham Əliyev ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obraynın Senatda çıxışı zamanı qeyd etdiyi azərbaycanlı məmurların səfərlərinə qadağa qoyulma təklifinə etiraz bildirib. Yəni ola bilər ki, heç belə bir sanksiya yoxdur. Sadəcə təklif kimi verilib”.

Siyasi şərhçi Əziz Əlibəylinin sözlərinə görə, ABŞ hansısa ölkəyə sanksiya tətbiq edərkən ilk növbədə həmin ölkənin maliyyə və iqtisadiyyatla bağlı sahələrində çalışan məmurları hədəfə alır:

Əziz Əlibəyli

“Məsələ ondadır ki, belə şəxslərin maliyyə münasibətləri olur. Bu şəxslərə qarşı sanksiyaların edilməsi ölkə iqtisadiyyatına zərər vurur.
Azərbaycanda da daha çox SOCAR-ın xarici ölkələrdə ciddi valyuta aktivləri var. Bununla belə konkret kimlərin bu siyahıda olduğunu demək çətindir”.

Globalinfo.az xatırladır ki, dövlət katibi Entoni Blinken telefon danışığı zamanı İlham Əliyevin bütün şərtlərini, o cümlədən ABŞ-a girişi məhdudlaşdırılan məmurlarla bağlı qadağaların götürülməsini qəbul edib. Bir çox ekspertlərin rəyinə görə, telefon danışığı Azərbaycan diplomatiyasının qələbəsi ilə başa çatıb. Prezident İlham Əliyev ölkəsinin haqlı mövqeyini Birləşmiş Ştatlar hökumətinə qəbul etdirib.

Turan Rzayev
Globalinfo.az