ABŞ daha bir ölkəni silahlandırır – Rusiya hücuma keçir?

Bəzən deyilir ki, qlobal müharibələr ABŞ-a ona görə lazımdır ki, daha çox silah satsın. Bu fikrin müəllifləri son 50 ildə dünyada baş verən münaqişələri, müharibələri misal göstərirlər.

ABŞ Dövlət Departamenti Polşaya dəyəri 3,7 milyard dollar olan “AGM-158B-2”, “AIM-120C-8” və “AIM-9X” raketlərini, eləcə də müvafiq avadanlıqları satmağa razılaşıb. Bəzi ekspertlər hesab edir ki, Vaşinqton bununla rəsmi Varşavanı Rusiyanın ehtimal hücumuna hazırlayır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Kamran Sultanlı deyib ki, Ukrayna müharibəsi davam etdiyi müddətdə Rusiyanın ikinci bir ölkəyə müdaxiləsi real deyil:

“Polşada belə bir narahatlıq olsa da, Kremlin bu ölkəyə hücum etməsi asan deyil. Məsələ ondadır ki, rəsmi Varşava Aİ və NATO üzvüdür. Yəni Polşaya hücum NATO-ya hücumdur. Rusiya bütün Alyansla müharibəni gözə ala bilməz.

Ukrayna ilə Polşa arasında analogiya aparmaq doğru deyil. Ukrayna təkdir və NATO üzvü deyil. Polşa isə ABŞ, Fransa, Almaniya, Türkiyə kimi ölkələrin təmsil olunduğu NATO-nun üzvüdür.

O ki qaldı qeyd edilən silah və avadanlıqlara, ABŞ NATO üzvü olan bir çox ölkəyə bu kimi silahları satır. Bu, təbii prosesdir. Polşa da öz növbəsində müdafiə potensialını artırır. Yəni bu, hücuma hazırlıq deyil”.

Turan Rzayev
Globalinfo.az