ABŞ itirildi: Avropa çətin durumda – Bu ölkəyə üz tutacaqlar

avropa ittifaqi surasi 1068x623 1

“ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenskidən demokratların hakimiyyəti dövründə ayrılmış yardım vəsaitlərini geri tələb etməsi və ya əvəzində təbii sərvətlərin işlənməsini şərt qoyması heç bir hüquq qaydalarına uyğun deyil”.

Bu sözləri Globalinfo.az-a iqtisadçı Elçin Qurbanov deyib.

O qeyd edib ki, yardım humanitar təhlükəsizlik və digər məqsədlər üçün verilən əvəzsiz maddi dəstəkdir:

“Yardımların qaytarılması anlayışı yoxdur. Bu, yalnız Ukraynanın deyil, NATO ölkələrinin də təhlükəsizlik maraqlarını əhatə edir. Beynəlxalq təcrübəyə əsasən, bütün hallarda müharibə nəticəsində dünya dövlətlərinə dəymiş zərərin ödənilməsi məsuliyyəti aqressorun üzərinə qoyulur. Birinci Dünya müharibəsindən sonra Versal sistemi və Vaşinqton konfransının qərarlarında təcavüzkar Almaniyanı müharibə nəticəsində dövlətlərə vurulmuş maddi və mənəvi ziyana görə milyardlarla təzminat ödəməsinə məcbur etməsini buna misal çəkmək olar. Hətta 1924-ci ildə Çarlz Daues planı üzrə Almaniyanın borc yükünün yüngülləşdirilməsi məqsədilə vaxtın uzadılması məsələsinə baxılmışdı”.

İqtisadçı deyib ki, Trampın yaratdığı entropiya dünyada yeni siyasi qütblərin yaranmasına səbəb ola bilər:

“Siyasi məsələlərə yalnız biznesmen kimi yanaşan Tramp və administrasiyasının Arktika iqtisadi logistik coğrafiyasına əl qoymaqla yürütdüyü anneksiya siyasəti beynəlxalq təhlükəsizlik, hüquq və humanitar məsələləri tamamilə kənara atır. “Hər şey Amerika üçün” devizi ilə yürüdülən siyasət Ağ Evi bütün müttəfiqlərinə etibarsız tərəfdaş kimi təqdim etdi. Rusiyanı qazanmağa çalışan Tramp hərbi siyasi vəziyyətdən Çinin faydalanmasının qarşısını bu yolla almaq istəyir. Onun qeyri-müəyyənliyi qərb ictimaiyyəti tərəfindən tənqid və təhqirlərlə qarşılandı. Hətta NATO-nun da taleyi sual altına düşüb. Ona görə də Qərb hərbi gücü yüksək olan yeni tərəfdaşlarla müttəfiqlik məsələsinə baxmalı olacaq. Onlardan biri isə bir zaman qəbul etmək istəmədikləri Türkiyədir”.

elcin

Elçin Qurbanov

Elçin Qurbanovun fikrincə, Zelenskinin Ankara səfəri yeni siyasi qütbün naviqatoru effektini yaratdı:

“Onun yaxın gələcəkdə proqnozlaşdırılan Çin səfəri də oxşar siyasi əhəmiyyətə malikdir. Amma Çin üçün Ukrayna strateji baxımdan Rusiya ilə münasibətləri korlayacaq qədər maraq kəsb edə bilməz. Trampın Kanada və Qrenlandiya barədə anneksiya siyasəti Britaniya, Danimarka və digər Avropa dövlətlərinin Ağ Evə münasibətini əhəmiyyətli dərəcədə dəyişdirib. Böyük Britaniyanın Baş naziri Kir Starmer hökumətinin Ukraynaya 1,6 milyard funt sterlinq dəyərində ixrac maliyyəsi ayıracağı və həmin vəsait hesabına beş mindən çox hava hücumundan müdafiə raketləri ala biləcəyini bəyan etməsi də ABŞ-a verilən ciddi mesajdır”.

Ekspert bildirib ki, Ağ Evin İsrail-Fələstin münaqişəsinə yeni tərzdə yanaşması da anlaşmazlıq yaradır:

“Sabiq prezident Co Bayden İsrailə kifayət qədər dəstək versə də, humanitar böhran risklərinə görə bəzi silah, mərmi tədarükünü məhdudlaşdırmışdı. Tramp isə İsrailə 4 milyard dollarlıq hərbi yardım etməyə hazırlaşır. Onun Yaxın Şərq siyasəti də demokratlarla respublikaçıların anlaşılmazlığına səbəb olub. Tramp növbəti 5 il müddətində müdafiə xərclərinin hər il 8 faiz azaldılması barədə Pentaqona tapşırıq da verib. Görünən siyasi mənzərə odur ki, ABŞ Çinə qarşı siyasi hədəflərində zəif Rusiya planından imtina edir. Bütün bunlara rəğmən Tramp və adminstrasiyasının yürütdüyü siyasət hüquqa deyil, gücə əsaslanır və qeyri-peşəkar təsir bağışlayır”.

Zaira Akifqızı
Globalinfo.az