ABŞ-dan Türkiyəyə açıq tələb: “F-16 üçün bu edilməlidir”

ABŞ Prezidenti Co Baydenin Rəcəb Tayyib Ərdoğanı yenidən Türkiyə Prezidenti seçilməsi münasibətilə təbriki müzakirələrə səbəb olub. Belə ki, Ərdoğan Baydenlə danışıq zamanı F-16-lar məsələsini gündəmə gətirib, ABŞ Prezidenti isə buna qarşılıq olaraq İsveçin NATO-ya üzvlüyü mövzusunu yenidən açıb.

Hətta ABŞ-ın bununla bağlı yaxın günlərdə Türkiyəyə təzyiqi gücləndirəcəyi, iyul ayına kimi məsələnin həllinə çalışdığı bildirilir. ABŞ Dövlət katibi Entoni Blinken isə məsələ ilə bağlı açıqlamasında bu iki mövzunun bir-birinə bağlı olmadığını açıqlasa da, mövzu getdikcə daha ciddi hal alır.

Bu nə dərəcədə real görünür? Belə bir təzyiqdən söhbət gedə bilərmi? İsveçin NATO-ya üzvlüyü təsdiqləndiyi halda F-16 məsələsinin həllini tapması mümkündürmü?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Mətin Məmmədli Türkiyəyə F-16 qırıcılarının verilməsi məsələsindəki son vəziyyəti nəzərə çatdırıb:

“Burada söhbət Türkiyəyə modernləşdirilmiş F-16-ların verilməsindən gedir. Əvvəlki model F-16-lar onsuz da Türkiyə ordusunun bazasında var. Təkmilləşdirilmiş modellərin verilməsi isə uzun zamandır Türkiyə ilə ABŞ arasında müzakirə edilir. Bu ilin yanvarında Dövlət Departamenti Türkiyəyə yeni F-16-ların verilməsi təklifini təsdiq edib və onu Konqresə təqdim edib. İndi Konqresin müxtəlif komitələrinin təsdiq cavabı gözlənilir. İlk olaraq komitələr bu məsələyə müsbət yanaşıblar. İsveçin NATO-ya daxil edilməsi üçün Türkiyəyə müasir F-16-ların verilməsi üzərindən təzyiq isə nəzəri olaraq mümkündür”.

Politoloq Türkiyənin sadəcə bir halda İsveçlə bağlı mövqeyinin dəyişəcəyini bildirib:

“Məlum olduğu kimi Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olmasına veto qoymuş, buna görə haqlı tələblər irəli sürmüşdü. Finlandiya alyansa qəbul edildikdən sonra növbə İsveçdədir. Amma bu ölkə hələ də Ankaranın tələblərini tam olaraq yerinə yetirməyib. Belə olan halda İsveçin NATO-ya daxil olması yaxın zamanda mümkün görünmür. ABŞ isə alyansın Şərqə doğru genişlənməsində maraqlıdır. Baxmayaraq ki, Dövlət Departamenti bu qərarı təsdiqləyib və Konqresə təqdim edib, amma bundan Türkiyəyə təzyiq vasitəsi kimi də istifadə edilə bilər. Məsələnin Türkiyənin İsveçlə bağlı mövqeyinə ciddi təsir göstərəcəyini düşünmürəm. Bu, sadəcə Türkiyənin tələblərinin yerinə yetiriləcəyi halda müsbət nəticə verə bilər”.

Ayşən Mustafa
Globalinfo.az