latviya

Rusiya ilə sərhəddə yerləşən Latviyanın Zilupe şəhərinin sakinləri iş yerlərinin çatışmazlığından və yaşayış şəraitinin qeyri-qənaətbəxş olmasından narazılıq edirlər.

Globalinfo.az xəbər verir ki, bu barədə LSM məlumat yayıb.

Bildirilib ki, Latviya-Rusiya sərhədində tranzit fəallığının azalmasından sonra şəhər sakinləri bir sıra çətinliklərlə üzləşiblər.

“Ukrayna müharibəsi başlamazdan əvvəl Zilupe sakinləri yollar boyunca uzanan yük maşınlarının növbələrinə və böyük insan izdihamına öyrəşmişdilər. Bundan sonra isə növbələr və ümumi fəallıq əhəmiyyətli dərəcədə azalıb”, – deyə nəşrdə bildirilir.

Materialda şəhərdəki orta məktəblərdən birinin direktor müavini Mariya Veykşanenin fikirlərinə də yer verilib. O bildirib ki, şagirdlərin valideynləri iş tapa bilmirlər.

Yerli gənclər təşəbbüsünün nümayəndəsi isə Zilupe şəhərinin Latviyanın paytaxtından xeyli uzaqda yerləşməsinə diqqət çəkib. Onun sözlərinə görə, bu amil ölkə hakimiyyətinin şəhərə münasibətinə, o cümlədən maliyyələşdirmə məsələlərinə təsir göstərir.

Noyabrın 27-də İspaniyanın “El Mundo” qəzeti Estoniyanın Narva şəhərinin sakinlərinə istinadən yazıb ki, Rusiya ilə quru sərhədinin mümkün bağlanması səbəbindən şəhər tənəzzül və əhali azalması təhlükəsi ilə üz-üzədir.

Mənbələrdən biri qeyd edib ki, bunun qarşısını almaq üçün Estoniya hakimiyyəti və digər Avropa ölkələri Narvaya daha çox investisiya yatırmalı olacaqlar.

Qeyd edək ki, daha əvvəl Estoniyada Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrinin bağlanmasının planlaşdırıldığı açıqlanmışdı.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: