Ramiz Mehdiyevin evindən 17 milyon manatdan artıq pul vəsaitinin aşkarlanması ilə bağlı yayılan məlumatlar müzakirələrə səbəb olub. O, məhkəmədə aidiyyatı suala cavabında deyib ki, həmin vəsaiti 1957-ci ildən işləyərək, öz zəhməti hesabına toplayıb.
Bəs Ramiz Mehdiyev bu illər ərzində aldığı əməkhaqqı ilə 17 milyon manat toplaya bilərdimi? Onun bu məbləğdə vəsait əldə etməsi iqtisadi baxımdan nə dərəcədə realdır? Gündəlik və ailə xərcləri nəzərə alınmaqla bu qədər pul toplamaq üçün ayda və ildə nə qədər gəlir əldə etmək lazım idi?
Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova deyib ki, 1957-ci ildən 2025-ci ilə qədər təxminən 69 il vaxt keçir:
“17 milyon manatı bu müddətə böldükdə ildə orta hesabla 250 min manat, ayda isə 20 min 833 manat yığım əldə edirik. Bu o deməkdir ki, şəxs 68-69 il ərzində hər ay 20 min manatdan artıq pulu kənara qoymalı, üstəlik, bütün gündəlik və ailə xərclərini başqa mənbədən ödəməlidir. Məlumdur ki, Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasına rəhbərlik edib, 2019-2022-ci illərdə isə AMEA prezidenti olub. Onun çalışdığı dövrlərdə aldığı əməkhaqqı ilə bağlı açıq mənbələrdə məlumatlar mövcuddur”.
İqtisadçı bildirib ki, 2013-cü ildən etibarən Prezident Administrasiyasının rəhbərinin aylıq vəzifə maaşı 2200 manat təşkil edib:
“Akademiklər üçün isə 2018-ci ildən aylıq 2000 manat rütbə maaşı nəzərdə tutulub. Təbii ki, müxtəlif əlavələr və digər qanuni gəlirlər də ola bilər.
Vüsalə Əhmədova
Lakin hətta bu amilləri nəzərə alsaq belə, 17 milyon manatlıq sərvətin yalnız dövlət vəzifəsindən əldə edilən əməkhaqqı hesabına formalaşmasını əsaslandırmaq absurddur. Deməli, bu sərvətin izahı üçün uzun müddət maaşlı işdə çalışmaq arqumenti kifayət etmir”.
Vüsalə Əhmədovanın fikrincə, 1957-ci ildən indiyədək Azərbaycanın bir neçə iqtisadi sistemdən keçdiyini də nəzərə almaq lazımdır:
“Sovet dövründəki əməkhaqları, 1990-cı illərin inflyasiyası, 2006-cı ildə manatın denominasiyası və sonrakı dövrdə milli valyutanın alıcılıq qabiliyyətində baş verən dəyişikliklər nəzərə alınmadan 68 illik nominal gəlirləri toplamaq düzgün metodologiya deyil. Ona görə də real iqtisadi qiymətləndirmə üçün hər dövrün gəlirləri, valyuta dəyişiklikləri və investisiya imkanları ayrıca təhlil edilməlidir. Ən önəmlisi, burada söhbət uzun illər dövlət idarəçiliyində yüksək vəzifə tutmuş şəxsin sərvətindən gedir. Belə şəxslərin gəlir və aktivlərinin mənşəyi ilə bağlı şəffaflıq tələbi daha yüksək olmalıdır. Həmin kapitalın necə formalaşdığı, hansı gəlir mənbələrindən yarandığı və hansı maliyyə mexanizmləri vasitəsilə artırıldığı göstərilməlidir. Əgər sərvətin həcmi məlum gəlir imkanlarını və ölkənin iqtisadi imkanlarını dəfələrlə üstələyirsə, onun mənşəyinin araşdırılması iqtisadi və hüquqi baxımdan zərurətə çevrilir”.
Zaira Akifqızı
Globalinfo.az