Fransada müxalifət qüvvələri hökumətin parlamentin əvvəlcədən razılığı və məlumatı olmadan Ukraynaya hərbi personal göndərməsini kəskin tənqid edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumatlı mənbələrə istinadən yazıb.

Nəşrin məlumatında qeyd olunur ki, noyabrın 25-də Fransa Senatında Silahlı Qüvvələr Nazirliyi yanında nazir-deleqat Alis Rüfonun iştirakı ilə qapalı müzakirə keçirilib. Görüş zamanı senatorlara “Volia” (“İradə”) missiyası çərçivəsində fransız hərbçilərinin Ukrayna ərazisində yerləşdirilməsi barədə məlumat təqdim olunub.

Lakin hökumətin bu addım barədə parlamenti qabaqcadan məlumatlandırmaması müxalifət düşərgəsində ciddi narazılıq doğurub.

Müxalifət təmsilçiləri hesab edirlər ki, fransalı hərbçilərin Ukraynada yerləşdirilməsi ölkənin birbaşa müharibəyə cəlb olunması riskini yarada bilər.

“Boyun əyməyən Fransa” partiyasının deputatı Bastyen Laşo isə hökumətin yanaşmasını tənqid edərək bildirib ki, hərbçilərin döyüşlərə qoşulması Fransa ilə Rusiya arasında parlamentdə hər hansı səsvermə keçirilmədən münaqişəyə yol aça bilər.

Deputatın fikrincə, hərbi müdaxilənin hansı hallarda baş vermiş hesab olunacağını müəyyənləşdirmək yalnız hökumətin müstəqil qərarı ilə həyata keçirilməməlidir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: