ukrayna ehali

Gələcəkdə insanların ömrünün kəskin şəkildə uzana biləcəyi ilə bağlı səsləndirilən fikirlər maraq doğurub. Süni intellektin təhlükəsizliyi, ekzistensial risklər və simulyasiya hipotezi üzrə araşdırmaları ilə məşhur olan isveçli filosof Nik Bostromun proqnozuna görə, süni intellekt sayəsində 1400 ilə qədər yaşamaq mümkün olacaq. Bildirilir ki, gələcəkdə bəşəriyyət süni intellektin (Sİ) inkişafı sayəsində 1000 ildən çox yaşamağı öyrənə bilər.

Bu nə dərəcədə realdır? Tibbi baxımdan mümkündürmü?

Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, ayrı-ayrı hüceyrələrdən, birhüceyrəli orqanizmlərdən tutmuş insana qədər ən mürəkkəb canlıların belə genetik olaraq müəyyən edilmiş ömür həddi var:

“İnsanların fizioloji ömrünün 100 ildən çox olduğu ehtimalı var, amma heç də hamı bu yaşa çata bilmir. İlk növbədə bunun səbəblərini araşdırmaq lazımdır. İnsanların həyat tərzi və ekoloji amillər onların daha uzun yaşamasına mane olur. Lakin insanın 1400 il yaşaması real görünmür. Əvvəla, xromosomlardakı telomerlərin uzunluğu ilə bağlı məsələ var. Bundan əlavə, elmin hələ tam aydınlaşdıra bilmədiyi, genetik ömür proqramlaşdırmasının digər mexanizmləri də mövcuddur. Müxtəlif canlı növlərinin təbii ömür hədləri məlumdur. Məsələn, şirlər orta hesabla 14-15 il, fillər isə 80 ilə yaxın yaşayır. Hər canlı növünün özünəməxsus ömür həddi var və bu, təsadüfi deyil”.

adill

Adil Qeybulla 

Professor bildirib ki, bəzi təcrübələr vasitəsilə canlıların ömrünü müəyyən həddə qədər uzatmaq mümkün olub:

“İnsanlarda da ateroskleroz və ömrü qısaldan digər xəstəliklərin qarşısını almaq istiqamətində müəyyən işlər görülə bilər. Süni intellektin köməyi ilə orqanizmdə baş verən metabolik dəyişiklikləri izləmək və tənzimləmək, bununla da insanların daha uzun müddət sağlam yaşamasına şərait yaratmaq mümkündür. Ancaq burada başqa bir məsələ də var. Həyat tərzini və ekologiyanı necə dəyişəcəyik? Biz günü-gündən pisləşən ekoloji şəraitlə üz-üzəyik. Hava, içməli su və qidalar müxtəlif kanserogen maddələrlə çirklənir. Bu gün kifayət qədər təhlükəli dövrdə yaşayırıq. Digər tərəfdən, Yer kürəsinin istilik tənzimləmə mexanizminin pozulması, yəni qlobal istiləşmə də ciddi problemlərdən biridir. Bütün bu amillər nəzərdən qaçırılmamalıdır. Belə proqnozlar verilərkən ilk növbədə mövcud ekoloji və fizioloji reallıqlar nəzərə alınmalıdır. Bu hipotezin elmi əsasını görmürəm”.

Ləman İmran
Globalinfo.az

Paylaş: