9baf957f8d743e8f3e96ae8073f25ba7

“Noyabrın 23-də ABŞ Prezidenti Donald Tramp TRIPP marşrutunun praktiki icrasına başlanması münasibətilə etdiyi təbrik çıxışında Azərbaycan Prezidentinə xüsusi təşəkkürünü bildirdi. Prezident İlham Əliyev də həmin mətni özünün “X” platformasında paylaşıb”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, ilk baxışdan, regionun tarixi münasibətləri və münaqişə tarixi nəzərə alınmasa, bunu adi bir marşrut kimi qiymətləndirmək olar:

“Ancaq TRIPP marşrutunun məhz bu gün gündəmə gəlməsini, üstəlik, Ermənistanda keçirilməsi nəzərdə tutulan yeni konstitusiya referendumu kontekstində qiymətləndirməliyik.

Bu gün biz memar axtarırıq. Son 200 ildə Cənubi Qafqazda formalaşan yeni münasibətlər sisteminin memarı kimdir? TRIPP marşrutunun əsl memarı kimdir? Ermənistanı sülhə sövq edən, onu barış mövqeyinə gətirən və Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxarmağa yönəldən iradənin sahibi kimdir? Bu gücün, bu iradənin adı nədir?

Biz bu sualların cavabını bilirik. Bu iradənin adı “Dəmir yumruq”dur. Məhz bu iradə Azərbaycanda və bütövlükdə regionda yeni reallıq yaradıb.

Beynəlxalq münasibətlər sistemində güc nəzəriyyəsi mövcuddur. Onun tanınmış nümayəndələrindən biri Hans Morqentaudur. O bildirirdi ki, hər bir xalqın milli gücü var. Lakin bu güc vahid lider tərəfindən səfərbər edilərək reallaşdırılana və real gücə çevrilənə qədər potensial olaraq qalır.

Biz gördük ki, Azərbaycan xalqının potensial gücü hər zaman olub. Ermənistanla mübarizədə qalib gəlmək, işğala son qoymaq imkanlarına da malik olmuşuq. Lakin həqiqi liderlik olmadığı üçün bu potensialı reallaşdıra bilməmişik. 1994-cü ildə Heydər Əliyevin əsasını qoyduğu liderlik ənənəsi nəticə etibarilə bugünkü reallığın formalaşmasına gətirib çıxarıb.

Ona görə də ümid edək ki, Ermənistanda keçiriləcək referendumla bağlı Azərbaycan öz mövqeyini artıq ifadə edib. Azərbaycanın Xarici İşlər Nazirliyi də ümidvar olduğunu bildirib ki, bu proseslər nəticə etibarilə Ermənistanda yaşayan insanların referendumun lehinə səs verməsi ilə yekunlaşacaq.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: