hecc 1

2027-ci il Həcc ziyarətinin təşkili ilə bağlı müzakirələrdə qiymət məsələsi ön plana çıxıb. İslamın əsas ibadətlərindən biri olan Həccin zəvvarlar üçün daha əlçatan və münasib qiymətə təşkil edilməsinin vacibliyini vurğulayanlar da var. Bununla yanaşı, ziyarətin təşkili prosesində aviabilet, yaşayış, nəqliyyat və digər xidmətlərin əhəmiyyətli xərc tələb etdiyi, qiymətlərin formalaşmasında bu amillərin nəzərə alındığı bildirilir.

Bəs Həcc ziyarətinin qiymətinin yüksək olmasının əsas səbəbi nədir?

Globalinfo.az-a danışan ilahiyyatçı Hacı Qamət Süleymanov bildirib ki, Həcc ziyarətinin qiyməti bir neçə amildən asılıdır:

“Ola bilər, hansısa ölkə öz maraqlarını güdür, amma, məsələn, otellərin qiyməti də fərqlidir. Həcc ziyarətinin baha olmasında bir neçə faktor var. Hər kəs öz xidmətlərinin qiymətini müəyyənləşdirir. Məsələn, buradan təyyarə ilə uçuş, sonra oradakı xidmətlər  və s. Bütün bunlar hesablananda qiymət artır. Bu, adi və təbii haldır. İnsanların rahatlığı üçün müəyyən xərclər çəkilir”.

İlahiyyatçı insanların nədən belə fikir irəli sürdüyünü anlamadığını qeyd edib:

“Bu, bütün dünyada tətbiq olunan qaydadır və təkcə bizə aid deyil. Düzdür, Səudiyyə Ərəbistanı hökuməti dəfələrlə müxtəlif ölkələrdən gələn qonaqları ödənişsiz qəbul edib. Lakin bu, bütün ziyarətlərin pulsuz olacağı anlamına gəlmir. Bir daha qeyd edirəm ki, burada müxtəlif xidmətlər və xərclər mövcuddur. Hər ölkənin özünəməxsus xidmətləri, eləcə də Həcc ziyarəti zamanı göstərilən əlavə xidmətlər var. Ödəniş də məhz bu xidmətlərin qarşılığında alınır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: