İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin 4 500 kilometrədək uçuş məsafəsinə malik raketlərinin imkanlarını nümayiş etdirdiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, SEPAH sözçüsü Hüseyn Mohebbinin sözlərinə görə, bu imkanlar ABŞ və Böyük Britaniyanın hərbi bazasının yerləşdiyi Dieqo-Qarsiya adası istiqamətində nümayiş etdirilib.

O bildirib ki, İranın raketlərinin uçuş məsafəsinə əvvəllər 2 000 kilometrlik məhdudiyyət qoyulub. Bu qərarın mərhum ali rəhbər Əli Xameneinin göstərişi ilə qəbul edildiyi iddia olunur.

Mohebbi əlavə edib ki, hazırkı ali rəhbər müvafiq əmr verərsə, İran Avropadakı ABŞ hərbi bazalarını da hədəfə ala bilər.

Bununla yanaşı, SEPAH-ın pilotsuz aviasiya üzrə komandanı İranın yeni nəsil dron texnologiyalarına malik olduğunu bildirib. Onun sözlərinə görə, bu texnologiyaların hələlik geniş ictimaiyyətə nümayiş etdirilməsi nəzərdə tutulmur.

Komandan “Shahed” tipli pilotsuz uçuş aparatlarının isə təxminən 10 il əvvəl hazırlanmış texnologiyaya əsaslandığını və artıq köhnəldiyini qeyd edib.

Tahir Turan
Globslinfo.az

Paylaş: