Dünyanın bir sıra ölkələrində “PlayStation” oyun platformasının xidmətlərində genişmiqyaslı problemlər qeydə alınıb.
Globalinfo.az xəbər verir ki, noyabrın 18-də istifadəçilər hesablarına daxil olmaq, serverlərə qoşulmaq, oyunları yükləmək və yeniləmək zamanı çətinliklərlə üzləşiblər.
Rəsmi məlumatda nasazlığın “Game Streaming” xidmətinə də təsir etdiyi bildirilib. ABŞ, Fransa, Almaniya, İsveç, Polşa və Braziliya da daxil olmaqla, 36 ölkədən problemlərlə bağlı şikayətlər daxil olub.
Nasazlığın GTA VI oyununun təqdimatı ərəfəsində yaranması diqqət çəkib. Ehtimallara görə, milyonlarla oyunçunun eyni vaxtda “PlayStation” xidmətlərinə qoşulmağa çalışması serverlərdə əlavə yüklənməyə səbəb ola bilər.
Bununla belə, “Sony” yaranmış problemin dəqiq səbəbini hələ açıqlamayıb.