Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Ukraynada yerləşdiriləcək istənilən xarici hərbi kontingent ordunun qanuni hədəfi olacaq. O, Fransanı bu xəbərdarlığı nəzərə almağa çağırıb.
Globalinfo.az xəbər verir ki, Zaxarova bu barədə “Russia Today” telekanalına açıqlamasında Fransanın Ukraynaya hərbçi göndərmək ehtimalı ilə bağlı məlumatları şərh edərkən bildirib.
“Bizim tərəfimizdən görüləcək tədbirlər Xarici İşlər Nazirliyində deyil, Müdafiə Nazirliyində və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahında müəyyənləşdiriləcək. Rusiya Prezidenti Vladimir Putinin də bəyan etdiyi kimi, Ukraynada yerləşdiriləcək xarici hərbçilər ordu üçün qanuni hədəf olacaq. Ümid edirik ki, Parisdə bunu anlayırlar”, – deyə o vurğulayıb.
Rusiya XİN-in nümayəndəsi Fransa hakimiyyətini ölkənin daxili problemlərindən daha çox Ukrayna məsələsinə diqqət ayırmaqda ittiham edib.
“Paris təxirəsalınmaz sosial-iqtisadi problemləri həll etmək əvəzinə, getdikcə daha dərindən Ukrayna münaqişəsinə cəlb olunur. Fransa bu münaqişəyə böyük vəsait xərcləyir və görünür, hərbçilərinin həyatını da riskə atmağa hazırdır”, – deyə diplomat əlavə edib.
Əliyar Xəlil