media beat large1

Milli Məclisdə dövlət büdcəsinin müzakirələri zamanı media sektorunun maliyyələşdirilməsi məsələsi də gündəmə gəlib. Deputat Hikmət Babaoğlu bu sahəyə ayrılan vəsaitin az olduğunu bildirib. Məsələ medianın maliyyə dayanıqlılığı, dövlət dəstəyinin həcmi və reklam bazarının inkişafı ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb.

Bəs Azərbaycan mediasının inkişafı üçün dövlət büdcəsindən nə qədər vəsait ayrılmalıdır? Media qurumlarının reklam gəlirləri hesabına maliyyə dayanıqlılığını təmin etməsi üçün hansı mexanizmlərə ehtiyac var?

Globalinfo.az-a danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib ki, bu gün bütün dünyada peşəkar media ciddi maliyyə çətinlikləri ilə üzləşir:

“Sosial şəbəkə platformalarının yaratdığı qeyri-bərabər rəqabət mühiti peşəkar media qurumlarının həm auditoriyasını, həm də ənənəvi maliyyə qaynaqlarını sürətlə özünə cəlb edir. Normal bazar münasibətləri şəraitində peşəkar media qurumlarının gəlirlərinin əsas hissəsi, təqribən 75 faizi reklamdan, digər 25 faizi isə satış, abunə, yayım, ianələr və başqa mənbələrdən formalaşmalıdır. Lakin hazırkı reallıq bundan ibarətdir ki, reklam bazarında peşəkar media deyil, sosial şəbəkə platformaları üstün mövqeyə sahibdirlər. Yəni peşəkar medianın reklamdan gəlirləri kifayət qədər aşağıdır. Bu proses cəmiyyətin istəyindən asılı olmayaraq baş verir. Nəticədə paradoksal vəziyyət yaranıb: cəmiyyət üçün vacib olan doğru xəbəri, etibarlı məlumatı peşəkar media istehsal edir, informasiya dövriyyəsindən əldə olunan reklam gəlirlərinin əhəmiyyətli hissəsi isə sosial media platformalarına axır”.

Ekspert bildirib ki, əslində, burada söhbət təkcə iqtisadi rəqabətdən getmir:

“Məsələ həm də cəmiyyətin etibarlı informasiya təminatının qorunması, milli informasiya məkanının dayanıqlılığı ilə bağlıdır. Çünki bu gün doğru, yoxlanılmış və məsuliyyətli informasiya istehsalının əsas yükünü hələ də peşəkar media daşıyır. Əlamətdar haldır ki, Azərbaycan dövləti belə bir məqamda – keçid dövründə peşəkar medianın fəaliyyətini davam etdirməsi üçün müxtəlif formalarda maliyyə dəstəyi göstərir. Bu dəstək, müəyyən mənada, reklam bazarında, satışda və yayımda itirilən gəlirlərin bir hissəsinin kompensasiya olunmasına xidmət edir. Burada bir məqamı da nəzərə almalıyıq: adından da göründüyü kimi, söhbət dövlətin media qurumlarına göstərdiyi yardımdan gedir. Həmin yardımın məbləği  dövlətin maliyyə imkanları, büdcə prioritetləri və media sektorunun real ehtiyacları nəzərə alınmaqla müəyyən edilir. Bu baxımdan dövlət büdcəsindən ayrılmalı vəsaitin konkret məbləğini tələb formasında müəyyənləşdirmək çətin olur”.

Musfiq El%C9%99sg%C9%99rli yeni foto

M.Ələsgərlinin fikrincə, mövcud qeyri-bərabər rəqabət şəraitində peşəkar medianın maliyyə imkanlarının daha da sıxlaşdırılması ciddi fəsadlara yol aça bilər:

“Bu, media qurumlarının fəaliyyətinə, informasiya istehsalının keyfiyyətinə və bütövlükdə milli informasiya məkanının dayanıqlılığına mənfi təsir göstərə bilər. Ona görə də büdcə müzakirələrində medianın maliyyələşdirilməsi məsələsinə strateji yanaşılmasına ehtiyac var”.

Müşfiq Ələsgərli düşünür ki, problemin həlli yalnız dövlət yardımlarının artırılmasında axtarılmamalıdır:

“İlk növbədə, reklam bazarında ədalətli rəqabət mühitinin formalaşdırılması, reklam gəlirlərinin bölüşdürülməsində peşəkar medianın imkanlarının genişləndirilməsi vacibdir. Rəqəmsal platformaların reklam bazarındakı dominant mövqeyi nəzərə alınaraq, bu sahədə beynəlxalq təcrübəyə uyğun tənzimləmə və əməkdaşlıq mexanizmləri də müzakirə olunmalıdır. Xüsusi olaraq, Avstraliya təcrübəsinin nəzərdən keçirilməsini və uyğun bir formada Azərbaycanda da tətbiq edilməsini təklif edərdim. Eyni zamanda, peşəkar media qurumlarının abunə, ödənişli kontent və digər alternativ gəlir modellərindən istifadəsi stimullaşdırılmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: