frantsiya protesty 1

Fransada iğtişaşların yatırılması üzrə ixtisaslaşan “CRS 8” polis bölməsinin bütün əməkdaşları ümummilli həmkarlar ittifaqlarının etiraz aksiyası keçirdiyi gün eyni vaxtda xəstəlik məzuniyyətinə çıxıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Bölmənin adının açıqlanmasını istəməyən əməkdaşlarından biri telekanala bildirib ki, polis əməkdaşları arasında ümumi narazılıq hökm sürür. Onun sözlərinə görə, bütün heyətin məhz həmin gün həkimə müraciət etmək qərarı faktiki olaraq çıxılmaz vəziyyətə düşdüklərini göstərən bir etiraz jestidir.

“Parisdə keçirilən son dörd nümayiş zamanı Nation meydanının ətrafında mühasirə mövqeyində dayanmışıq”, – deyə polis əməkdaşı qeyd edib.

O vurğulayıb ki, “CRS 8” bölməsinin əsas vəzifəsi bir yerdə sabit xidmət aparmaq deyil, hadisə yerinə operativ şəkildə çatmaq və asayişin pozulmasına çevik müdaxilə etməkdir.

Bundan əvvəl polis həmkarlar ittifaqı bir neçə ay ərzində etiraz aksiyalarında müntəzəm xidmət aparan hüquq-mühafizə orqanları əməkdaşları arasında “kütləvi yorğunluq və qəzəb dalğası” yarandığını açıqlayıb

Həmkarlar ittifaqının məlumatına görə, yüzlərlə polis əməkdaşı fiziki və psixoloji baxımdan tükənib. Təşkilat səhər saatlarında da təxminən on bölmədə xidmət aparan bir neçə yüz əməkdaşın həkimə müraciət etmək məcburiyyətində qaldığını təsdiqləyib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: