Rusiya Prezideni Vladimir Putin, Çin lideri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında görüş noyabrın 19-da Şençjendə keçiriləcək. Görüş Şençjendə APEC sammiti çərçivəsində baş tutacaq.
Uzun müddətdir bu üç liderinin görüşü gözlənilirdi. Görüşdə hansı məsələlər müzakirə oluna bilər? Nə kimi razılaşmaların əldə edilməsi mümkündür?
Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, noyabrın 19-da Şençjendə keçiriləcək Putin–Si Cinpin–Tramp görüşünü müasir beynəlxalq münasibətlər sistemində mühüm diplomatik hadisələrdən biri kimi qiymətləndirmək olar:
“Çünki söhbət təkcə üç böyük dövlətin liderlərinin bir araya gəlməsindən deyil, həm də qlobal təhlükəsizlik arxitekturasının gələcəyinə təsir göstərə biləcək müzakirələrdən gedir. Hesab edirəm ki, görüşün əsas istiqamətlərindən biri nüvə silahlarına nəzarət və strateji sabitliyin təmin olunması olacaq. Vaşinqton xüsusilə Çin və Rusiyanın da iştirak edəcəyi yeni silahlara nəzarət mexanizminin formalaşdırılmasında maraqlıdır. Digər mühüm məsələ İran ətrafında yaranmış hərbi-siyasi böhrandır. Tramp administrasiyası bu böhranın diplomatik həllində Moskva və Pekinin mövqeyini nəzərə almağa çalışa bilər. Bununla yanaşı, Rusiya–Ukrayna müharibəsi, ABŞ–Çin iqtisadi rəqabəti, texnoloji məhdudiyyətlər və beynəlxalq ticarətin gələcəyi də liderlərin maraq dairəsindədir. Lakin Ukrayna məsələsinin üçtərəfli görüşün rəsmi gündəliyinə daxil edilməsi hələ gözlənilmir.

Züriyə Qarayeva
Mümkün razılaşmalara gəldikdə isə düşünürəm ki, bu görüşdən dərhal böyük geosiyasi sazişlərin imzalanmasını gözləmək doğru olmaz. Çünki hər üç dövlətin strateji maraqları arasında ciddi ziddiyyətlər mövcuddur. ABŞ Çinlə iqtisadi rəqabətdə üstünlüyünü qorumağa, Rusiya Qərbin təzyiqlərini azaltmağa, Çin isə öz iqtisadi və siyasi maraqlarını təmin etməklə beynəlxalq sistemdə mövqeyini möhkəmləndirməyə çalışır. Bununla belə, nüvə silahlarına nəzarət üzrə danışıqların başlanması, hərbi-siyasi böhranların idarə olunması üçün məsləhətləşmə mexanizmlərinin yaradılması və müəyyən iqtisadi məsələlərdə qarşılıqlı güzəştlər mümkündür. Xüsusilə İran məsələsində gərginliyin azaldılmasına yönəlmiş ortaq diplomatik yanaşmanın formalaşdırılması mühüm nəticə ola bilər. Məncə, görüşün ən böyük əhəmiyyəti konkret sənədlərin imzalanmasından daha çox, üç böyük güc arasında birbaşa dialoqun yeni formatda başlanmasıdır. Bu baxımdan Şençjen görüşü həm mövcud ziddiyyətlərin idarə olunması, həm də gələcək beynəlxalq güc balansının müəyyənləşməsi baxımından əhəmiyyətli siyasi mərhələnin başlanğıcı ola bilər”.
Turan Rzayev
Globalinfo.az